BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb daim maraqlı təşəbbüslər və yeniliklərlə fərqlənir. Təhsil ocağı bu dəfə də maraqlı bir təşəbbüslə yetişməkdə olan nəslin vətənpərvər böyüməsinə töhfə verib.
Sözügedən məktəbdən BAYRAQDAR MEDİA-ya daxil olan məlumata görə, dekabrın 26-da burada “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirilib. Budəfəki tədbir 2020-ci ilin 44 günlük Vətən savaşında qəhrəmancasına vuruşaraq şəhid olmuş gizir Nicat Şahin oğlu Səmədovun doğum gününə təsadüf edib.
Bildirilir ki, şəhidin ata-anası, həmçinin yaxınları, döyüş yoldaşlarının da iştirakıyla keçirilən tədbirdə məktəblilər şeir və mahnılar ifa edib, teatrlaşdırılmış səhnələr göstərib. Eyni zamanda şəhidin yaxınları və döyüş yoldaşları, millət vəkili Səbinə Xasayeva çıxış edərək şəhidlərin miras qoyub getdiyi Vətənə və əzizlərinə sahib çıxmağın vacibliyindən danışıblar.
Daha maraqlısı isə odur ki, məktəbin sinif otaqlarından birinə şəhidin adı verilib və bunu əks etdirən lövhə onun döyüş yoldaşlarının iştirakı ilə qapının üzərinə asılıb.
Məktəbdən bildiriblər ki, 2023-cü ildə özünün tədris uğurları və fəallığı ilə seçilərək ən yaxşı sinif adını qazanmış 2b sinfi bu şərəfə layiq görülüb.
Eyni zamanda şəhidin yaxınları və döyüş yoldaşları, millət vəkili Səbinə Xasayeva şagirdlərlə görüşüb, onların dərsləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb.
Məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət şəhidin ata-anasıyla söhbətdə dövlətin bu insanlara qayğısından danışıb. O, bildirib ki, dövlətlə bərabər hər bir vətəndaş şəhid əmanətlərinə diqqətlə yanaşmağa borcludur.
Qeyd edək ki, gizir Nicat Səmədov 1992-ci il dekabrın 26-da anadan olub. O, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Vejnəli kəndi – Sığırt yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. Şərəfli döyüş yolu keçən Nicat dəfələrlə təltif edilib, fərqləndirilib. Şəhidin ata-anası Binəqədi rayonunda yaşayır və onun xatirəsinin əziz tutulması üçün çalışır. Dövlət uyğun şəkildə şəhidin əmanət ailəsinə sahib çıxır, onları tək buraxmır. 3 nömrəli məktəb də məhz bu kateqoriyadan olan insanlara həssaslıq göstərməklə dövlət siyasətinə kiçik də olsa töhfə verir.