BAYRAQDAR MEDİA – Dekabrın 26-da İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində (BFE) II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BFE-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sərgidə milli qurama, tikmə sənətinin müasir incəsənətə inteqrasiyası mövzusunu əks etdirən 17 rəssamın əsərləri nümayiş olunur. Milli tikmə növü olan qurama insan ruhunu xarakterizə edən və rəngarəng formalara əsaslanan, təbiətdən ilhamlanan mozaika növlü yaradıcılıq işi olaraq bütün dünyada maraqla qarşılanır”.
Sərgidə nümayiş olunan sənət əsərləri müasir rəngkarlıq, heykəltəraşlıq, miniatür, xəttatlıq, kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə hazırlanıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan sərgidə Pərinisə Əsgərova, Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarazıyeva, Məmməd Rəşidov, Orxan Qarayev, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gül Bəktəmirov, Sadat Bəkirova, Şəlalə Salamzadə, Ağaməli Əliyev, Tamira İbrahimova, Nərgiz Əsgərovanın əsərləri nümayiş olunur.
Qeyd edək ki, sərgi yanvarın 9-dək davam edəcək.