Son yeniləmə: 27 Dekabr 2023 12:17
Fuad Nəcəfli: Əsas hədəfimiz bu probelmin həlli üçün əlavə addımların atılmasıdır
BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlimə malikdir. Muxtar respublikanın ərazisində su ehtiyatları olduqca məhduddur. Naxçıvanda ən vacib və dayanıqlı su mənbəyimiz isə Araz çayıdır. Yəqin ki, önümüzdəki illərdə də bu reallıq dəyişməyəcək”.
Bunu “Ulu Öndər Heydər Əliyevin izi ilə” turunun təqdimat mərasimi çərçivəsində media nümayəndələri ilə görüşən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
O, qeyd edib ki, Naxçıvandakı əsas su ehtiyatlarının hər birinin mənbəyi qonşu dövlətlərin ərazisindədir: “Bütün bu və ya digər məsələlər dəyərləndirilir. Əsas hədəfimiz bu probelmin həlli üçün əlavə addımların atılmasıdır”.
O da bildirilib ki, 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq.
Qeyd olunub ki, bu gün muxtar respublikada ən aktual sahələrdən biri məhz tikintidir: “Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb. 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib. Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlanıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərinə iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq”.