Press "Enter" to skip to content

Emmanuel Makron Fransanı gözdən salmağa davam edir

Azər HƏSRƏT

BAYRAQDAR MEDİA – Bir neçə gün öncə mediada xəbər yayıldı ki, Azərbaycanda Fransa casus şəbəkəsi aşkar edilib. Açığı, şəxsən mən buna təəccüblənmədim. Çünki təkcə Fransa deyil, Rusiya, İran və Azərbaycana qənim kəsilmiş bir çox dövlətlərin ölkəmizdə müxtəlif adlar altında casus şəbəkəsi qurması bilinən gerçəkdir. Dəfələrlə bu haqda rəsmi xəbərlər də olub, casusluğa cəlb edilənlərin məhkəmə önünə çıxarılmasını da görmüşük.

İndi Fransanın da sözügedən xorda yer alması bir daha ondan xəbər verir ki, hətta bu inkişaf etmiş Avropa dövləti də Azərbaycanın gücünü yetərincə dəyərləndirə bilməyib. Bu isə ondan xəbər verir ki, Fransa qurduğu casus şəbəkəsinin effektivliyini təmin etməyi bacarmayıb. Bacarsaydı, başını bu cəncələ soxmaz, çəkilib yerində oturardı. Çünki Azərbaycan Fransa üçün hansısa üçüncü dünya dövləti deyil. Yaxud da Fransanın başındakı Emmanuel Makron bilməliydi ki, nüfuz etmək istədiyi dövlət Afrika qəbilələrinin tayfa birliyi deyil, tarixi və dövlətçilik ənənələri olan qədim bir dövlətdir. Azərbaycan tarixin müxtəlif mərhələlərində hətta imperiyalar qurmuş bir millətin çağdaş dövlətidir.

Fransa öz yerində, ona casusluq sevdasına düşənləri də anlamaq istərdik. Lap elə Fransa olmasın, hansısa başqa dövlət olsun. Bir insan – vətəndaş öz dövlətinin əleyhinə niyə və necə casusluq edərək xəyanətə bulaşar?

Müsahibələrimin bir neçəsində dediyim ifadəni burada da təkrarlamaq istərdim: Fransa Emmanuel Makronun rəhbərliyi altında özünün ən rəzil dönəmini yaşayır. Bu yetərincə çoxillik demokratiya tarixi olan dövlət məhz indiki prezidentin bacarıqsızlığı və şıltaqlığı üzündən Azərbaycan kimi müqayisədə qat-qat balaca olan dövlətin əlində çarəsiz qalıb.

Belə bir şəraitdə Azərbaycanda kimlərinsə ortaya atılıb Fransaya casusluq etməsi isə başqa bir dərddir…

Azərbaycan necə ki, İran və Rusiyaya bağlı şəbəkələri zərərsizləşdirib, bu Fransaya bağlı şəbəkə(lər) də eyni qaydada nəzarət altındadır. Yəni Emmanuel Makronun özü kimi bacarıqsız dövləti Azərbaycan kimi güclü lideri və dəqiq siyasi konturları olan dövlətin içində at oynada bilməz!

Belə bir durumun səbəbkarı, təbii ki, Fransa xalqı deyil. Əsl səbəbkar Fransanı idarə edən, etdikcə də gözdən salan Prezident Emmanuel Makrondur. Ki, onun məsələsi də biz Azərbaycanlıların deyil, Fransa xalqının öz işidir…

Mission News Theme by Compete Themes.