Press "Enter" to skip to content

Berlində Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunub

Tədbir zamanı

Son yeniləmə: 27 Dekabr 2023 11:16

Nəsimi Ağayev: 2023-cü il Azərbaycan xalqının çoxminillik tarixinin ən şanlı illərindən olub

BAYRAQDAR MEDİA – Azərbaycanın Almaniyadakı səfirliyi Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təntənəli bayram tədbiri təşkil edib. Tədbirdə Azərbaycan, türk və digər dost ölkə icmaların üzvləri, habelə alman ictimaiyyətinin nümayəndələri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Nəsimi Ağayev
Nəsimi Ağayev

Bildirilib ki, “tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib. Bildirib ki, 2023-cü il Azərbaycan xalqının çoxminillik tarixinin ən şanlı illərindən olub. Belə ki, məhz bu il Azərbaycan öz ərazisində mövcud olan, xalqımıza saysız faciələr yaşadan 35 illik silahlı separatizmə son qoyaraq, öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Beləliklə, Azərbaycan İkinci Dünya Müharibəsindən sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş nadir dünya ölkələrdəndir”.

Məlumata gör, N.Ağayev deyib: “Öz xalqının birliyinə və yüksək etimadına söykənən, hərtərəfli düşünülmüş strategiya və siyasət yürüdən, nəyi nə vaxt və necə etməyi çox yaxşı bilən müdrik bir dövlət başçısı kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu şanlı qələbə ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmış oldu”.

Səfir vurğulayıb ki, Azərbaycanın suverenliynin və ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusu olub və xoşbəxtlikdən bu arzu məhz onun 100 illiyinin qeyd olunduğu bir ildə reallaşıb.

Tədbir musiqili-əyləncəli proqramla davam edib
Tədbir musiqili-əyləncəli proqramla davam edib

Məlumatda deyilir ki, tədbirdə Almaniyadakı Azərbaycan diasporunun bu il müvafiq olaraq 85 və 80 illik yubileyləri qeyd olunan tanınmış simaları, görkəmli incəsənət xadimləri İbrahim Əhrari və Məsud Pənahi Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən hazırlanmış təbrik şəhadətnamələri ilə təltif edilib.

Tədbir çərçivəsində Azərbaycanın əməkdar artisti, müğənni və kanon ifaçısı Rəşad İlyasov öz musiqi kollektivi ilə birgə musiqili-əyləncəli proqram ilə çıxış edib.

Tədbir çərçivəsində həmçinin ziyafət verilib.

Mission News Theme by Compete Themes.