BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimatı keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “ETSN-də keçirilən tədbirdə Nazirlər Kabineti, AMEA, diplomatik korpus və səfirliklərin nümayəndələri, alimlər, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə çıxış edənlər yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycan təbiətini hədsiz dərəcədə sevən Ümummilli liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrinin davam etdirildiyindən danışılıb. Qeyd edilib ki, kitab ekosistemin ayrılmaz tərkib hissəsi olan bioloji müxtəlifliyin mühafizəsində, gələcək nəsillərə çatdırılmasında və təbliğində mühüm rol oynayacaq”.
Tədbirdə, həmçinin 2024-cü ilin Azərbaycan Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin qorunmasına verilmiş mühüm töhfə olduğu bildirilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının növbəti ildə ölkəmizdə keçirilməsinin əhəmiyyəti vurğulanıb.