Son yeniləmə: 27 Dekabr 2023 18:44
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) müəllim və tələbələri ilə görüş keçirilib. Görüş Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Bildirilib ki, “universitetin pedaqoji heyətinə AFAQ layihəsi barədə ətraflı məlumat verilib, əməkdaşlıqların ilkin istiqamətləri üzrə birgə fəaliyyət üçün danışıqlıqlar aparılıb. Daha sonra ADAU tələbələri ilə görüş təşkil edilib”.
Görüşdə layihənin tələbələr üçün üstünlükləri vurğulanıb: “Gələcəkdə layihəyə qoşulacaq gənclərə biznes ideyalarının reallaşdırılması üçün müxtəlif istiqamətlər – konsultasiya, bilik və bacarıqlarının artırılması, marketinq və texniki dəstəyin göstəriləcəyi bildirilib. Qeyd olunub ki, nəticədə layihə gənclərin məşğulluq və sahibkarlıq fəaliyyətlərini artıracaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasına dəstək göstərəcək.
Görüş zamanı tələbələrin aqrar sahə ilə bağlı sualları əhatəli şəkildə cavablandırılıb, onların təklifləri dinlənilib.
Qeyd edək ki, layihənin tələblərinə cavab verən ümumilikdə 189 təsərrüfat sahibinə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 388 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib”.