BAYRAQDAR MEDİA – Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Almaniyada yaşayan Xalq rəssamı, Almaniya Rəssamlar Birliyinin, UNESCO Rəssamlar Federasiyasının üzvü, Azərbaycan Rəssamlar İttifaqının və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Əşrəf Heybətlə görüşüb.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Komitədən daxil olub.
Bildirilir ki, “Komitədə keçirilən görüşdə Əşrəf Heybət Fazil Mustafaya “Heydər Əliyev ili”ndə və Şuşanın Türk dünyasının Mədəniyyət paytaxtı olduğu müddətdəki yaradıcı fəaliyyəti ilə bağlı bilgi verib, qarşıdan gələn “Yaşıl dünya naminə həmrəylik ili” və Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusunu daşıyacağı müddətə dair yaradıcılıq planlarını bölüşüb”.
Komitə sədri də öz növbəsində “ustad sənətkarın yaxın aylarda Zirədəki “Eko-Park”da təşkil olunmuş “Baba yurdum” adlı uğurlu fərdi sərgisi, digər yaradıcılıq uğurları münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb”.
Qeyd olunur ki, “Əşrəf Heybətin “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur” kəlamını xatırladan Fazil Mustafa görkəmli sənət xadiminin Şuşaya, Qarabağa, Azərbaycana, bütövlükdə türk dünyasına özünəməxsus sənət münasibətini minnətdarlıqla vurğulayıb, ona Azərbaycan, türk dünyası həqiqətlərinin təsviri sənət dili ilə təbliğ-tərənnüm olunmasında yeni uğurlar diləyib”.
“Sizin əsərləriniz UNESCO, NATO və digər beynəlxalq quruluşların, bir çox xarici ölkənin nüfuzlu sərgi salonlarında nümayiş olunur. Siz həyata baxışınızla, yüksək sənət ideallarınızla Azərbaycan təsviri sənətini, ümumən mədəniyyətimizi dünyanın dörd tərəfində peşəkarlıqla tanıdırsınız. Mənəvi dəyərlərə dair yüksək ideyaların əks olunduğu əsərlərinizin əsas predmeti insan və təbiətdir. Məhz bu amillər – “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən Şuşanın İslam dünyasının Mədəniyyət paytaxtı statusu daşıması etibarı ilə 2024-cü ilin sizin üçün əlamətdar il olacağına dəlalət edir. Sizi bütün uğurlarınıza görə, eləcə də qarşıdan gələn Həmrəylik Günümüz və yeni təqvim ili münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm”, – deyə Fazil Mustafa bildirib.
Xalq rəssamı səmimi görüş və təbrik üçün təşəkkür edib, yaradıcılığına aid nəşri imzalayaraq Komitə sədrinə təqdim edib.
Komitə sədri də öz növbəsində kitablarını Xalq rəssamı üçün imzalayıb.