Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunun həkim-infeksionisti Günay Əliyeva: “Profilaktik tədbirlərə əməl edərək, kəskin respirator virus infeksiyaları xəstəliklərindən qorunmaq mümkündür”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva kəskin respirator virus infeksiyaları (KRVİ) haqqında məlumat verib.
Xəbərdə bildirilir ki, “G.Əliyeva deyib ki, KRVİ kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir, əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur: “Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur””.
İnfeksionist qeyd edib ki, bu xəstəliklərin yayılması daha çox yaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. O bildirib ki, yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar, anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusi ilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər.
G.Əliyeva qızılcadan qorunma haqda da danışıb. O vurğulayıb ki, qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirməsi, simptomları yüngülləşdirməsi və fəsadların aradan qaldırılması mümkündür: “Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq 1 və 6 yaşlarında iki dəfə peyvənd edilməlidir”.
Həkim KRVİ-nin necə müalicə edildiyi haqda da məlumat verib: “Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni, xəstəliyin simptomlarını azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir. KRVİ virusları tərəfindən törədildiyindən, antibiotik təyini əsassızdır. Lakin bəzi hallarda ikincili infeksiya qoşularsa, ağırlaşma verə bilər. Bunlardan otitləri, sinusitləri, pnevmoniyaları, meningitləri və s. göstərmək olar. Bu zaman ağırlaşmaların qarşısını almaq üçün həkim məsləhəti ilə antibiotik terapiya təyin olunmalıdır”.
Sonda isə G.Əliyeva qeyd edib ki, bu kimi xəstəliklərdən profilaktik tədbirlərə əməl edərək qorunmaq mümkündür. Xəstəlik hava-damcı yolu ilə yoluxduğu üçün həkim ilk növbədə tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyin lazım olduğunu bildirib.