Press "Enter" to skip to content

Beynəlxalq Təhsil İmkanları Forumu işinə başlayıb

Forumdan görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 26-da Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu işinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə qeyd edilir ki, “forumda elm və təhsil nazirinin müavini Həsən Həsənli, EATDA-nın direktoru Ülkər Səttarova, yerli ali təhsil müəssisələrinin rektorları, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva, təhsil işçiləri, beynəlxalq ekspertlər və əcnəbi tələbələr iştirak ediblər”.

Sonra xəbərdə deyilir ki, “açılış nitqi ilə çıxış edən Ü.Səttarova forumun ənənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili işində önəmini vurğulayıb. Forumda H.Həsənli təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətdə görülən işlərdən bəhs edib. Daha sonra çıxış edən E.Mehdiyev və T.Hacıyeva təhsil qrantı proqramlarının icrasının Azərbaycanın beynəlxalq təhsil imkanlarının və ikitərəfli əlaqələrin genişləndirilməsində, eləcə də müxtəlif ölkələrdən olan tələbələrə əlverişli təhsil mühitinin qurulmasında verdiyi töhfələrdən danışıblar”.

Əcnəbi tələbələrin təhsilinə dair ilin yekun hesabatı ilə çıxış edən EATDA-nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə Azərbaycanda təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə paylaşıblar.

Forumun məqsədi hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.

Forum işinə panel müzakirələri ilə davam edib.

Mission News Theme by Compete Themes.