Son yeniləmə: 24 Dekabr 2023 10:04
BAYRAQDAR MEDİA – Bugünlərdə folklor, ədəbiyyat tarixi, türkologiya və publisistika ilə bağlı dəyərli tədqiqatları ilə tanınan Əli Şamilin yaradıcılığına həsr edilən “Turan sevdalısı” (Bakı, Azərnəşr, 2023, 256 s.) adlı məqalələr toplusu yayımlanıb.
Kitabın elmi redaktoru və tərtibçisi filologiya elmləri doktoru, Prof. Almaz Həsənqızı, rəyçiləri filologiya elmləri doktoru, Prof. Bədirxan Əhmədli və filologiya üzrə fəlsəfə doktoru, Dos. Sürəyya Sultanovadır. Kitaba Əli Şamilin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlar və xatirələr daxil edilib.
Bununla bağlı BAYRAQDAR MEDİA-ya daxil olan məlumatda bildirilir ki, “Əli Şamil elmi-publisistik yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən alimlərdən biridir. O, türk xalqlarının yaşadığı əraziləri qarış-qarış gəzmiş, zəngin materiallar toplamış, bu da onun tədqiqatlarının məzmununa ciddi təsir göstərmişdir”.
Kitaba “Turan yolçusu” adlı ön söz yazan filologiya elmləri doktoru, Prof. Vaqif Sultanlı Əli Şamilin yaradıcılığını belə qiymətləndirir: “Tarixin və taleyin axarında dünyaya səpələnmiş türk toplumunun yurd saldığı elə bir yer yoxdur ki, Əli Şamil ora baş çəkməsin. Getdiyi, gəzdiyi, qonaq olduğu yerləri Böyük Vətənin bir hücrəsi kimi sevdiyi, bağlandığı və tanıtdığından araşdırmaları elmi yönü ilə yanaşı milli mahiyyət daşıyır. Bu səpkili yazılarının ən mühüm özəlliyi isə uzun illər yad güclərin əli ilə ayrı salınmış, müxtəlif adlarla parçalanmış, bir-birinə qarşı qoyulmuş türk xalqlarını türk dünyasının ayrılmaz bir parçası kimi təqdim etməyə çalışmasıdır”.
Sadəcə araşdırmalarının kiçik bir qisminin adlarına nəzər salmaqla – “Türkçülüyün qurbanları”, “Quzey Kıbrıs”, “Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı”, “Colan türkmanları”, “Qaşqaylar və onların folkloru”, “Parçalanmış Türküstanı gəzərkən”, “Qırım sevgisi” – Əli Şamil yaradıcılığının istiqamətləri haqqında aydın təsəvvür yaratmaq mümkündür.
Şübhəsiz ki, “Turan sevdalısı” kitabına toplanmış, Əli Şamilin uzun yaradıcılıq axtarışlarını incələyən, dəyərləndirən elmi məqalələr və xatirə yazıları ədəbi tənqid tərəfindən dəyərləndiriləcəkdir.