Press "Enter" to skip to content

TDT daxilində “Sülh üçün vahid mərkəz” yaradılmalıdır

Dr. Yücel Karauz

Son yeniləmə: 25 Dekabr 2023 18:59

Dr. Yücel Karauz: Əks təqdirdə bu vaxta kimi digər sahələrdə qazanılan uğurlar da əldən gedə bilər

BAYRAQDR MEDİA – “Bəşəriyyət qarşıdakı iki-üç il ərzində yeni dünya müharibəsinə qədəm qoyacaq. Mövcud proseslər belə qənaətə gəlməyə əsas verir. Belə bir ərəfədə isə siyasi, hərbi və təhülkəsizlik baxımından birlikdə addım atmaq, eyni mövqedən çıxış etmək türk dünyası, Türk Dövlətləri Təşkilatı (TDT) üçün xüsusi önəm kəsb edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr.Yücel Karauz deyib.

O, qeyd edib ki, Qarabağ Zəfəri və Şuşa Bəyannaməsindən sonra yuxarıda bəhs edilən istiqamətdə bir sıra addımlar atılıb: “TDT siyasi, iqtisadi, mədəni və maliyyə baxımıdan ortaq qurumlar yaradır. Ancaq təəssüflə qeyd etməliyik ki, bir məsələdə hələ də gecikirik. Bu da təhlükəsizliyin təmininə və sülhə xidmət edəcək vahid mərkəzin yaradılması məsələsidir. Hesab edirəm ki, bu sahədə ciddi şəkildə gecikirik”.

Dr. Y.Karauz bildirib ki, “Sülh üçün vahid mərkəz” adı altında bir mərkəzin yaradılması vacibdir: “Hesab edirəm ki, TDT-yə üzv ölkələrin iştirakı və daxili imkanları hesabına formalaşdırılacaq bu Mərkəzin qərargahı Bakıda, yaxud da Ankarada yerləşə bilər. Bu Mərkəzin tərkibində təlim hissəsi, hərbi məktəb, o cümlədən terror, narkotik qaçaqmalçılıq və s. kimi təhlükələrə qarşı mübarizədə vahid addım atacaq digər zəruri birliklər yaradılmalıdır”.

Müsahibimiz deyib ki, bu yaradılacaq qurum üzv ölkələrin sərhəd təhlükəsizliyinə, daxildəki sabitliyə xidmət edəcək fəaliyyətlərlə məşğul ola bilər: “Daxili sabitlik deyəndə mən, Qırğızıstanda və ya Qazaxıstanda baş vermiş daxili ixtişaşları nəzərdə tuturam. Yəni gələcəkdə TDT-yə üzv hər hansı bir ölkədə belə hallar olarsa bu Mərkəz sülhməramlı qüvvə kimi fəaliyyətə keçə bilər. O zaman bizə kənardan, Batıdan, yaxud da Rusiyadan qoşun yeridilməsinə ehtiyac qalmayacaq”.

Vurğulanıb ki, vahid təhlükəsizlik qüvvələrinin, yaxud mərkəzinin yaradılması üçün ortada bir nümunə də var: “Bəlli olduğu kimi Türkiyə ilə Azərbaycan “bir millət iki dövlət, tək ordu” prinsipinə əsaslanan bir nümunə ortaya qoyub. Hesab edirəm ki, bu, digər TDT üzvü ölkələr arasında hərbi və təhlükəsizlik baxımından əməkdaşlıqda model rolunu oynaya bilər. Yəni yuxarıda bəhs etdiyim “Sülh üçün vahid mərkəz” adı altında bir mərkəz əgər TDT daixlində ilkin olaraq yaradıla bilinmirsə, öncə Azərbaycanla Türkiyə arasında yaradıla bilər. Sonra ikitərəfli və üçtərəfli əməkdaşlıqlar əsasında bu istiqamətdə fəaliyyət genişləndirilə bilər. Əsas odur ki, tez bir zamanda deyilən istiqamətdə fəaliyyətə keçilsin. Əks təqdirdə bu vaxta kimi digər sahələrdə qazanılan uğurlar da əldən gedə bilər. Yəni təhlükəsizlik və müdafiəni təmin edə bilməsək istədiyimiz qədər iqtisadi, siyasi birlik yaratsaq da sonu olmaz. Bu birliklərin təminatı bəhs etidyim mərkəzin formalaşdırılmasından keçir”.

Mission News Theme by Compete Themes.