Son yeniləmə: 25 Dekabr 2023 09:40
BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş turizm marşrutunun təqdimatı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasına mediatur təşkil edib.
Ölkənin aparıcı media qurumlarının təmsilçilərinin qatıldıqları iki günlük mediaturun ilk günü, dekabrın 25-də öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinə ziyarət olunacaq. Sonra media nümayəndələrinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşü olacaq.
Görüşdən sonra mediatur iştirkaçıları Heydər Əliyev muzeyində olacaqlar.
Naxçıvan Dövlət Milli Dram Teatrında açılış nitqi və Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunmuş turizm marşrutunun media, o cümlədən turizm sənayesi nümayəndələrinə rəsmi təqdimat mərasimi olacaq. Qeyd edək ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Dövlət Turizm Agenliyininin və Naxçıvan MR-nın Turizm departamentinin təmsilçiləri də iştirak edəcək.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, səfərin brinci günü mediatur iştirakçılarının Hüseyn Cavidin məqbərəsi, Bəhruz Kəngərli Muzeyi və Naxçıvan Turizm İnformasiya Mərkəzinə ziyarəti təşkil ediləcək.
İlk gün, həmçinin Əcəmi seyrəngahında yerləşən Heydər Əliyev büstü ziyarət ediləcək, “Xan Sarayı” Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq olacaq.
Axşam isə Heydər Əliyev Muzeyi önündə geniş konsert proqramı təqdim ediləcək.
Səfərin ikinci günündə isə mediatur iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ziyarət edəcək, onların Ordubad şəhərinə gəzintisi təşkil ediləcək.
Qeyd edək ki, mediatur iştirakçıları arasında BAYRAQDAR MEDİA-nın əməkdaşı da var.