Press "Enter" to skip to content

Bu mərhələdə Azərbaycana sərmayə qoyulması çox önəmlidir

Hasan Öztürk (solda) və Nadir Azəri

Son yeniləmə: 25 Dekabr 2023 14:47

Hasan Öztürk: Xəzərin batısında yerləşən Bakı həm də Xəzərin doğusuna açılan qapıdır

BAYRAQDAR MEDİA – “Biz hər dəfə Azərbaycana gələndə inkişafın və dəyişikliklərin şahidi oluruq. Azərbaycan regionun Dubayı olmaq yolunda sürətlə irəliləyir”.

Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.

Fevralın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən H.Öztürk bildirib ki, Xəzərin batısında yerləşən Bakı həm də Xəzərin doğusuna açılan qapıdır.

Türkiyədən Azərbaycana yatırılan sərmayə türk dünyasının birliyi üçün də önəmlidir

Keçirilən forumun əhəmiyyətinə toxunan H.Öztürük deyib ki, Türk Dövlətləri Təşkilatının (TDT) çox mühüm aktoru olan Azərbaycana yatırılacaq hər bir sərmayə Türkiyənin digər türk dövlətlərinə daha sıx yaxınlaşması üçün mühüm addım sayıla bilər: “Azərbaycan həm də 250 milyona yaxın əhalisi olan region ölkələrinə gömrüksüz daxil olmaq üçün qapıdır”.

Zəngəzur dəhlizi həm psixoloji, həm də strateji əhəmiyyətə malikdir

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin türk dünyası üçün əhəmiyyətinə toxunan müsahibimiz bildirib ki, bu kontekstdə Zəngəzur dəhlizinin açılması reallaşdıqdan sonra türk dünyası daha da sıx şəkildə birləşmiş olacaq: “Zəngəzur dəhlizi açılanda Türkiyə Naxçıvan üzərindən Azərbaycana, oradan da Xəzər vasitəsilə türk dünyasına açılacaq. Azərbaycan da Türkiyə vasitəsilə Batıya açılacaq. Ona görə də Zəngəzur dəhlizi həm psixoloji, həm də strateji əhəmiyyətə malikdir”.

Qeyd olunub ki, sülh müqaviləsi imzalansa, Ermənistanla Türkiyə arasında gömrük qapıları açılacaq, Ermənistanla Azərbaycan arasında gediş-gəliş başlayacaq və bölgəyə sülh gələcək: “Haraya sülh gəlirsə, ora kapital gəlir və inkişaf baş verir”.

Hazırda orada ağıllı şəhərlər, ağıllı kəndlər tikilir

H.Öztürkün sözlərnə görə, hazırda ən çox maraq doğuran məsələlərdən biri də işğaldan azad edilmiş Qarabağda yenidən məskunlaşma və bu bölgədə işlə təmin olunma istiqamətində görülən işlərdir: “Bu kontekstdə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa həm fiziki, həm də sosioloji cəhətdən dirçəlirkən, Türkiyənin tanınmış qurum və təşkilatlarının üzərinə mühüm məsuliyyət düşür. Füzulidən Ağdama, Laçından Xankəndinə qədər şəhərlər, rayonlar, kəndlər yenidən qurulur. Xankəndi və Laçın kimi bəzi şəhərlər istisna olmaqla, Qarabağ torpaqları ermənilər tərəfindən demək olar ki, tamamilə dağıdılmışdır. Hazırda orada ağıllı şəhərlər, ağıllı kəndlər tikilir, minalar təmizlənir, yollar açılır. Sonra işin insani tərəfi başlayacaq. İnsanlar öz torpaqlarına qayıdacaq və məskunlaşma yenidən başlayacaq. Bu mərhələdə Azərbaycana sərmayə qoyulması önəmlidir”.

Mission News Theme by Compete Themes.