BAYRAQDAR MEDİA – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş baletmeysteri, Əməkdar artist Emin Əliyev və baletmeyster Kamilə Əliyeva da iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, ““Cəngi” (Ü.Hacıbəyli) sədaları altında səhnəyə çıxan balet ustaları digər klassik və milli rəqs kompozisiyalarını da təqdim ediblər”.
“Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən bu layihədə iştirakından məmnunluğunu bildirən Əməkdar artist səfər təəssüratlarını bölüşüb: “Demək olar ki, indiyə qədər dünyanın 50-dən çox ölkəsində Azərbaycan mədəniyyətini böyük sevgi ilə təmsil etmişəm. Ulu öndərin 100 illiyinə həsr olunan gecəyə də tərəf-müqabilim, baletmeyster Kamilə Əliyeva ilə dəvət olunmuşdum və orada çıxışlarımız maraqla qarşılandı. İştirakımız üçün şərait yaradan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Musiqili Teatrın rəhbərliyinə, ölkəmizin Fransadakı səfiri Leyla Abdullayevaya və tədbirin təşkilatçılarına dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edib qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hər kəsi təbrik edirik”.