Press "Enter" to skip to content

Diaspor İlham Əliyevi dəstəkləyir, Fuad Muradovdan narazıdır

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Dünyanın 13 ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələri 7 fevral 2024-cü ilə nəzərdə tutulan prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edir. Onlar bununla bağlı Prezident İlham Əliyevə ünvanladıqları ortaq müraciətdə qeyd ediblər.

Diaspor nümayəndələri sözügedən müraciətdə həm də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdan narazı olduqlarını Prezidentin diqqətinə çatdırırlar. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq müraciətin tam mətnini təqdim edirik:

Zati-aliləri!

Möhtərəm cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Cənab Prezident!

Biz dünyanın müxtəlif ölkələrində yaşayan, Azərbaycan diaspor və lobbiçilik fəaliyyəti ilə məşğul olan təşkilatlar – Sizə ümumi məktub qələmə alaraq, Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkisində Sizin namizədliyinizi və Azərbaycan Respublikasının inkişafına yönələn strategiyanızı dəstəklədiyimizi diqqətinizə çatdırmaq istəyirik.

İlk dəfədir ki, Sizin uğurlu siyasətiniz nəticəsində bu gün müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Respublikasında seçkilər keçiriləcəkdir. Regionda baş verən siyasi proseslər fonunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan seçkilərin nəticələrinin Azərbaycanın, eləcə də regionun gələcək inkişafına, təhlükəsizliyimizin təmin edilməsinə mühüm töhfələr verəcəyinə inanırıq.

Möhtərəm Prezident, biz Sizin uğurlu xarici siyasətinizi daima sevə-sevə izləyir və Sizinlə qürur duyuruq. II Qarabağ müharibəsi zamanı Sizin əzmli çıxışlarınız bizim informasiya savaşındakı fəaliyyətimizi daha da stimullaşdırırdı. Biz də diaspor könüllüləri olaraq imkanlarımız çərçivəsində ana Vətənimizə dəstək olmağa çalışdıq. Bütün dünya Azərbaycan diasporunun Azərbaycan dövləti ətrafında dəmir yumruq kimi birləşməsinin canlı şahidi oldu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan diasporu Azərbaycanın xaricdəki səsi və qüvvəsidir. Təəssüflə qeyd etmək istərdik ki, istər müharibə dövründə, istərsə də post-müharibə dövründə Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün Azərbaycan dövlətinin büdcəsindən maliyyə ayrılmasına baxmayaraq erməni diasporunun durmadan apardığı yalan propaqandalara və Avropa ölkələrinin yürütdüyü ikili standart və siyasətə qarşı Diasporla İş üzrə Dövlət Komitəsi heç bir ciddi iş görmədi və Azərbaycanın haqlı tərəf olduğunu sübut edə bilmədi. Sizin verdiyiniz tapşırıqlara isə məsulliyyətsiz yanaşıldı. Bu səbəbdən xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu və DİDK arasında fikir ayrılıqları və narazılıqlar yarandı. DİDK sədri Fuad Muradov və Komitə işçilərinə bu iradları bildirdikdən sonra xaricdəki diaspor təşkilatlarına qarşı qərəzli yanaşdılar və əməkdaşlıq etməkdən imtina etdilər. Yalnız Sizin əzmli dəmir yumruğunuzun və Azərbaycan Ordusunun şücaəti sayəsində Azərbaycanın haqlı tərəf olduğu beynəlxalq ictimaiyyət qarşısında sübuta yetirildi.

Azərbaycan diasporu olaraq Sizdən xahiş edirik ki, parçalanmış Azərbaycan diasporunu həmin dəmir yumruq ətrafında bir daha birləşdirəsiniz.

Möhtərəm Prezident, biz bir daha Sizə 7 fevral 2024-cü il tarixində keçiriləcək bütöv və müstəqil Azərbaycan Respublikasının ilk seçkilərində uğurlar diləyir və Sizi dəstəklədiyimizi bəyan edirik. İnanırıq ki, siz uğur qazandıqdan sonra Azərbaycan diasporunda yeni bir mütərəqqi nəfəs və dalğanın yaranmasını təmin edəcək, dəmir yumruq ətrafında yenidən birləşməyimizə dəstək olacaqsınız.

Sizə və ailənizə Uca Allahdan uzun ömür və cansağlığı diləyir, dövlətimizə və xalqımıza sülh və əmin-amanlıq arzulayırıq.

İmzalayanlar:

Norveç
CAN diaspora Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Şervin Nəcəfpur;
CAN diaspora Təşkilatı İdarə Heyətinin üzvü Atabəy Nəcəfpur;
Bizim Səs Təşkilatının sədri Hüseyn Məmmədov

Niderland
Birlikdə Güclüyük Fondunun həmsədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı İlkana Goja van den Berg;
Birlikdə Güclüyük Fondunun həmsədri, Beynəlxalq kvalifikasiyalı maliyyə və idarəetmə üzrə mütəxəssis Robert van den Berg

Rusiya
Samara Azərbaycanlıları Assambleyasının sədri Rəsulov Elmar Ədhəm oğlu;
Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev

Böyük Britaniya
Hüquqşünas və fəal diaspor üzvü Məryəm İsgəndərova

Fransa
Ulduz Assosiasiyanın rəhbəri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Aytən Muradova
Fransada ali təhsil almış Həsənova Ülviyyə Oleq qızı

İspaniya
Asociación Azerbaiyanos en Españe’ın sədri Vahid İmanov Xəlilov

İsrail
Azad Təşkilatının sədri, Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı Şakir Əhmədov

İsveç
Vahid Azərbaycan Birliyinin sədri, teatrşünas Aye Çoşqun;
Azərbaycan İsveç Dram Teatrı “Tumurcuq”un rəhbəri, rejissor Sevinc Nəzərli

Türkiyə
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurucu və fəxri sədri, Azərbaycan Heydər Əliyev Mədəniyyət Evi İdarə Heyətinin sədri Bilal Dündar

Belçika
Belçika Azərbaycan Evinin rəhbəri, Türkiyə-Azərbaycan Diasporları Platformu internet portalının təsisçisi və baş redaktoru Bülent Gürcam

Kuzey Kıbrıs Türk Cümhuriyyəti
KADM I Kipr Azərbaycan Diaspor Mərkəzi İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Raul Diniyev

İndoneziya
İndoneziyada fəal diaspor üzvü Hafiz Cəfərli

İordaniya
İordaniyada fəal diaspor üzvü Kəmalə Süleymanova;
İordaniyada fəal diaspor üzvü Ağayeva Dilşad Hüseyn qızı

Mission News Theme by Compete Themes.