Press "Enter" to skip to content

Zərərli vərdişlərə qarşı maarifləndirmə

Maarifləndirmə tədbirləri zamanı

Son yeniləmə: 22 Dekabr 2023 16:06

BAYRAQDAR MEDİA – Ümumi təhsil müəssisələrinin şagirdləri ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə ilə bağlı maarifləndirici görüşlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir: “Yasamal, Nərimanov, Sabunçu, Xətai və Nəsimi rayon məktəblərini əhatə edən görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Bakı Şəhər İcra Hakimiyyətinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri, məktəb rəhbərləri və psixoloqlar iştirak ediblər. Çıxış edən qonaqlar, narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri barədə danışıblar”.

Daha sonra iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda “Narkotiklər haqqında həqiqəti bilin”, “Psixotroplar maddələr haqqında həqiqət” adlı əyani vəsaitlər, broşürlər iştirakçılara təqdim edilib.

Mission News Theme by Compete Themes.