BAYRAQDAR MEDİA – Dekabrın 21-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yeni istifadəyə verilmiş Mətbuat Şurası auditoriyasında tələbələrin iştirakı ilə reallaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Vüqar Zifəroğlu iclasın gündəliyini elan edib. Toplantıda 6 məsələyə baxılıb. Müzakirələr zamanı cavabdeh media orqanlarının yol verdikləri peşə pozuntuları müəyyənləşdirilib. Başlıca olaraq, qarşı tərəfin mövqeyinə etinasız yanaşma halları qruplaşdırılıb. Eyni zamanda, ayrı-ayrı şikayətlərdə əksini tapmış jurnalistikadan sui-istifadə iddialarına dair motivlərə də diqqət yetirilib. Bu baxımdan azerinfo.az saytından narazılıqların olduğu vurğulanıb”.
Daha sonra xəbərdə, “iclasda nəzərəçarpacaq problem kimi, materialları narazılıq doğurmuş bəzi media orqanlarında əlaqə vasitələrinin və ümumən rekvizitlərin olmamasından da söz açılıb. Bildirilib ki, bu hal şikayətçilərin həmin media orqanları ilə təmasını mümkünsüzləşdirir. Mövcud durum, eyni zamanda, məsələyə “Media haqqında” Qanunun pozulması kimi qiymət vermək üçün də əsas formalaşdırır. Bu baxımdan son dövrlər Şuraya barəsindəki şikayətlərin çox olduğu gundelik-baku.com saytının üzərində dayanılıb. Qeyd olunub ki, bu saytda yayımlanan materiallarda ittiham obyekti kimi götürülən şəxslərin fikirlərinə ümumiyyətlə yer verilmir, habelə buna cəhd edildiyinə dair qeydlər də yoxdur” deyə bildirilir.
İclasda, eyni zamanda, açıq məhkəmə proseslərindən reportajlarla bağlı vətəndaş şikayəti də nəzərdən keçirilib. Jurnalistlərin həmin məhkəmə proseslərini işıqlandırmaq hüququnun olduğu qeyd edilsə də, bu zaman bəzi etik standartların qorunmasının, təqsirləndirilən şəxsin foto görüntüsünün onun özündən icazəsiz yayılmamasının vacibliyi vurğulanıb, digər məqamlara da həssas yanaşılmasının zəruriliyi əsaslandırılıb. Media subyektlərinə bununla bağlı tövsiyə mətninin hazırlanması rəyinə gəlinib.
Qeyd edək ki, jurnalistika fakültəsinin tələbələri üçün təcrübə əhəmiyyəti daşıyan iclasdan sonra MŞ-nin Şikayətlər üzrə Komissiyasının üzvləri tələbələrin müzakirə olunan məsələlərlə bağlı suallarını da cavablandırıblar.
Onu da bildirək ki, MŞ Şikayətlər üzrə Komissiyasının və Etika Komissiyasının iclaslarının bundan sonra BDU-nun Jurnalistika fakültəsindəki Mətbuat Şurası auditoriyasında tələbələrin iştirakı ilə keçirilməsi qərara alınıb.