BAYRAQDAR MEDİA – Rusiyada fəaliyyət göstərən “Ədalətli Rusiya – Həqiqət uğrunda” adlı partiyanın sədri, Dövlət Dumasının keçmiş deputatı Zaxar Prilepin sözün həqiqi mənasında yumub gözünü, açıb ağzını. Velikoros xəstəliyindən əziyyət çəkən bu varlıq açıq mətnlə deyib ki, keçmiş Sovet respublikalarını Rusiyaya birləşdirmək lazımdır. O, daha irəli gedərək qardaş Özbəkistanı misal çəkib.
Bu hədsizlik təbii olaraq bizim də, Özbəkistan dövlətinin də hiddətinə səbəb olmalıydı və olub da.
Özbəkistan Xarici İşlər Nazirliyi dekabrın 21-də Rusiyanın Daşkənddəki səfiri Oleq Malginovu dəvət edərək ona dövlətin qəti etirazı bildirilib. Nazirliyin bununla bağlı yaydığı açıqlamada bildirilir ki, “görüş zamanı Rusiya təmsilçisinin diqqətinə prinsipial formada çatdırıldı ki, …Zaxar Prilepinin Özbəkistanın Rusiyaya birləşdirilməsi ilə bağlı sözləri ölkəmizdə dərin narahatlıqla qarşılanıb”.
Oleq Malginov isə öz növbəsində bildirib ki, onun təmsil etdiyi dövlət dost Özbəkistanın suverenliyini heç vaxt şübhə altına almır və Zaxar Prilepinin fikirləri ilə hər hansı əlaqələri yoxdur.
Amma səfir onu izah edə bilməyib ki, niyə bu təxribatçı çıxışı Rusiyanın bütün mediası həvəslə tirajlayıb…
Göründüyü kimi, velikoros şovinizmi hətta 21-ci yüzildə də ayaqda tutulmağa çalışılır. Həm də bu xəstə ideyanın hədəfi biz türklərik! Bəli, bütün dünyanın başına bəla olmuş şər imperiyası Rusiya hətta özünün indiki çətin anında belə qonşularına diş qıcayır, onları qorxu altında saxlamağa çalışır!
…Özbəkistan bizim üçün qardaşdan da ötə bir doğma dövlətdir. Şəxsən mənim üçün Azərbaycan nə deməkdirsə, bir türk dövləti olaraq Özbəkistan da o deməkdir. Özbəkistana dil uzatmaq elə Azərbaycana, eyni zamanda digər türk dövlətlərinə dil uzatmaq deməkdir!
Biz türklər belə çıxışları, təxribatları cavabsız qoymamalıyıq. Özəlliklə də Türk Dövlətləri Təşkilatı bu cür məsələlərdə ortaq münasibət sərgiləməkdən çəkinməməlidir. Hazırkı durumda Rusiyaya cavabı yalnız Özbəkistan deyil, onunla birlikdə digər qardaş türk dövlətləri də verməlidir.
Bundan başqa biz türklər hələ də Rusiyanın istilası altında yaşayan türklərin azadlıq hərəkatlarına dəstək verməliyik. Nəhayət ki, rus zülmü altındakı türklər azadlığa qovuşmalıdır! Rusiya adlı dövlət isə SSRİ kimi ümumiyyətlə ləğv edilməli, ruslar üçün Moskoviya adlı kiçik bir dövlət qurulmalıdır. Onsuz da rusların sayı 17 milyon kv. km-lik ərazini doldurmaq üçün yetərli deyil. Həm də nəzərə alaq ki, o ərazinin mütləq böyüklüyü türk torpaqlarıdır. Türklər azad olunca bu Prilepin kimilərin özləri yaxşı anlayacaq ki, kimin torpağını kimə birləşdirmək lazımdır. Gün gələcək, rusların özləri biz türklərin hakimiyyəti altına keçmək üçün yalvarmalı olacaqlar. Çünki onların həyatda qalmasının tək təminatçısı biz türklər olacağıq!
Qardaş Özbəkistanla bağlı səsləndirilmiş hədsizliyə bir daha qayıdaraq bildirmək istərdik ki, bu dövlətə dil uzadanlar həmişə olduğu kimi qarşılarında bizi də görəcəklər. Üstümüzə gəlirsiniz? Gəlin! Gələcəyiniz varsa, görəcəyiniz də var!
Sonda xüsusi olaraq vurğulamaq istərdik ki, Rusiya şər imperiyası olaraq son illərini yaşayır. Ona görə də bu Prilepinlərin dili ilə qonşulara qarşı belə aqressiv hücumlar edilir. Halbuki çox tezliklə Rusiya adlı dövlətin yerində 41 müstəqil dövlət qurulacaq ki, onda kimin ərazisinin kimə birləşdirilməsinə yenidən baxarıq yəqin ki…