Son yeniləmə: 22 Dekabr 2023 10:27
Hüseyn Büyükfırat: Bütün bu müsbət təəssüratların və gərgin tələbatın nəticəsi olaraq biz növbəti illərdə də forumu həm məzmununu, həm də əhatə dairəsini genişləndirərək davam etdirəcəyik
BAYRAQDAR MEDİA – “Bu forumu keçirməklə biz qarşıya qoyduğumuz məqsədlərə çatdıq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun təşkilatçılarından biri olan Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat deyib.
O, qeyd edib ki, foruma Azərbaycandan və Türkiyədən çoxlu sayda rəsmilərin, o cümlədən iş adamlarının və nüfuzlu şirkətlərin təmsilçilərinin qatılması mühüm önəm kəsb edir: “Bu, foruma marağın böyük olduğunun göstəricisidir. Demək ki, bizim də təşkilatçısı olduğumuz bu tədbir iki qardaş ölkə arasında əlaqlərin daha da güclənməsi istiqamətində atılan önəmli addımlardan biridir. Bu bizi sevindirir. Lakin həm də qarşımıza yeni vəzifələr, üzərimizə daha böyük məsuliyyət qoyur”.
H.Büyükfırat “məhz bundan yola çıxaraq bu forumun ənənəvi olaraq hər il keçirilməsində qərarlıyıq. Ümumiyyətlə, bu forum iki qardaş ölkə üçün iqtisadi sahədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinin hələ başlanğıcıdır. Qeyd edim ki, foruma qatılan nazirlərdən, bürokratlardan və iş adamlarından müsbət rəy aldıq. Bütün bu müsbət təəssüratların və gərgin tələbatın nəticəsi olaraq biz növbəti illərdə də forumu həm məzmununu, həm də əhatə dairəsini genişləndirərək davam etdirəcəyik” deyib.
TÜİB rəhbəri, açıqlamasında qeyd edib ki, Türkiyə və Azərbaycan iş adamlarının gələcəkdə atmalı olduğu addımlardan biri də ticarət həcminin artırlmasıdır: “Biz iş dünyası olaraq prezidentlərimizin müəyyən etdiyi ticarət həcmi rəqəmlərinə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik”.