Son yeniləmə: 22 Dekabr 2023 13:37
İhsan Aktaş: Ümid edirik ki, bu, dünyanın ən sayılıb-seçilən və məhşur forumlarından biri olacaq
BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri dünyaya nümunədir. Təbii ki, bu da öz gücünü xalqların tarixi uzun əsrlərə söykənən bilrik və bərabərliyindən alır. Azərbaycan türkləri ilə Türkiyə türkləri bir-birilərini çox sevirlər”.
Bunu qardaş Türkiyənin GENAR Araşdırma Şirkətinin başqanı, tanınmış yazar İhsan Aktaş BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak edən İ.Aktaş bildirib ki, “sevginin, bağların güclü olması önəmlidir. Lakin bu sevgi o zaman daha da dəyərli olur ki, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə güclü əməkdaşlıqlar qurulsun. Hesab edirəm ki, Azərbaycan-Türkiyə İnvestisiya Forumu bu istiqamətdə atılan mühüm və qiymətli addımlardan biridir”.
Müsahibimiz qeyd edib ki, uzun zamandır iki qardaş ölkə arasında belə bir tədbirin keçirilməsi gözlənilir və arzu edilirdi: “Xüsusilə də Qarabağ savaşında Azərbaycanın əldə etdiyi tarixi Zəfər bir çox məsələlərdə dönüş nöqtəsi rolunu oynadı. Əvvəla, bu, türk dünyasına bir güc, yüksəliş, tarixi ruh yüksəkliyi verdi. Çünki uzun illərdir ki, türk dünyasına qarşı işğalçılıq müharibələrində ancaq batılılar qalib gəlirdi. Ancaq türk dünyası torpaq itirirdi. Lakin Kıbrıs savaşından sonra ilk dəfə olaraq Azərbaycan 44 günlük Vətən müharibəsində bu mənfi stereotipi qırdı və torpaqlarını işğaldan azad etdi”.
İ.Aktaş vurğulayıb ki, qələbə təkcə Azərbaycan üçün deyil, ümumilikdə türk dünyası üçün çox qiymətlidir: “O anlamda ki, bu qələbə dövlətlər arasında münasibətlərin də yenidən formalaşmasına təkan verdi. Azərbaycan-Türkiyə qardaşlığı fonunda digər türk dövlətləri arasında da inteqrasiya dərinləşməyə başladı. Bu Zəfərdən sonra Türk Dövlətləri Təşkilatı təkrar kimliyini qazandı və güc əldə etdi. Yəni bu Zəfərlə türk birliyinin mənası dərinləşdi”.
Müsahibimiz qeyd edib ki, bu zəfər türk dünyası arasında iqtisadi və ticarət əlaqələrinə də yeni güc verdi: “Bu kontekstdə Bakıda keçirilən forum xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan bu məsələdə bir-birini tamamlayr. Bu forumdan sonra isə qarşılıqlı investisiya qoyuluşları yeni mərhələyə qədəm qoyacaq. Hesab edirəm ki, bu cür forumlar davamlı olaraq keçirilməlidir. Mən bu toplantının bu cür yüksək səviyyədə təşkilinə görə, təşkilatçıları, o cümlədən TÜİB başqanı Hüseyn Büyükfıratı təbrik edirəm. Bu cür yüksəksəviyyəli, dövlət rəsmilərinin, tanınmış iş adamlarının iştirak etdiyi tədbirlər bizləri daha da ümidləndirir. Ümid edirik ki, bu dünyanın ən sayılıb-seçilən və məhşur forumlarından biri olacaq”.