Son yeniləmə: 21 Dekabr 2023 11:05
BAYRAQDAR MEDİA – Quzey Makedoniyada 21Dekabr – Türkcə Təhsil Günü münasibətilı tədbir keçirilib.
Yeni Balkan xəbər verir ki, TİKA-nın dəstəyi və MATÜSİTEB-in təşkilatçılığı ilə keçirilən tədbir yaddaqalan məqamlarla zəngin olub.
Bildirilib ki, “Kırçovada ibtidai və orta məktəb səviyyəsində türkcə təhsil verən siniflər var. Gənc və dinamik kadrlar sayəsində türk təhsili Kırçovada uğurla davam edir. İbtidai siniflərdə 625, Kırçova və Plasnitsa bələdiyyələrinə bağlı liseylərdə isə 172 şagird türk dilində təhsil alır”.
TİKA Skopye Proqram Koordinatoru Mehmet Bayrak çıxışında, “TİKA sədri Serkan Kayların salamlarını çatdırarkən, 21 dekabr Türk Təhsil Günü sizin bu torpaqlarda varlığınızın ən mühüm simvoludur” deyib.
O, 2005-ci ildən Quzey Makedoniyada fəaliyyət göstərən TİKA-nın Kırçovada uşaq bağçası və “Mirko Mileski” lisey binalarının tikintisini öz üzərinə götürdüyünü, bunların təhsilə verdiyi töhfənin ən gözəl nümunələri olduğunu bildirib.
Tədbirdə TİKA Skopye Proqram Koordinatoru Mehmet Bayrak, millət vəkili və iş adamı İsmayıl Yaoski, Plasnitsa və Kırçova bələdiyyə başçıları, Quzey Makedoniya Təhsil və Elm Nazirliyinin təhsil siyasəti üzrə Dövlət müşaviri Gönül Bayraktar, məktəb direktorları, müəllimlər, valideynlər və çoxlu qonaqlar iştirak ediblər.