BAYRAQDAR MEDİA – Bakıda Ümummilli Lider Heydər Əliyevin və qardaş Türkiyənin 100 illiyinə həsr edilən Azərbaycan-Türkiyə investisiya forumu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İqtisadiyyat Nazirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə keçirilən forum çərçivəsində müxtəlif mövzuları əhatə edən panel sessiyalar olub. “Azərbaycanda sağlamlıq turizmin inkişafı perspektivləri” adlı panel sessiyada çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iki qardaş dövlətin prezidentlərinin rəhbərliyi altında ölkələr arasında strateji əlaqələr dinamik inkişaf edir və müxtəlif sektorlar üzrə birgə tədbirlərin təşkili ənənə halını alır. Nazir son illərdə qlobal səviyyədə sağlamlıq turizmi və tibbi turizmin rolunun artdığını qeyd edib”.
Sonra xəbərdə, “T.Musayev bildirib ki, son illərdə müasir tibbi infrastrukturun qurulması, mütərəqqi texnoloji avadanlıqların tətbiqi və ixtisaslı insan resursları sayəsində Türkiyə sağlamlıq və tibbi turizm üzrə beynəlxalq mərkəzə çevrilib. Çıxışının sonunda o, forumun sektorun gələcək inkişafı baxımından faydalı olacağına ümidvar olduğunu bildirib” deyə qeyd olunur.
Bildirək ki, panel sessiyada, həmçinin Türkiyə səhiyyə nazirinin müavini Şuayip Birincinin, Azərbaycan səhiyyə nazirinin müavini İlqar Qasımovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və digərlərinin çıxışları dinlənilib. Çıxışlarda Azərbaycanın sağlamlıq turizmin potensialı və ondan istifadə imkanlarının genişlənməsi, eyni zamanda Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqinin vacibliyi qeyd olunub.
Forum çərçivəsində “Azərbaycan Respublikasında investisiya imkanları”, “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu”, “Yaşıl enerji və “smart city””, “Kənd təsərrüfatı və qida sənayesi sahələrində dialoq: cari çağırışlar və müasir həllər” və “Hərbi-texniki əməkdaşlıqda mütərəqqi texnologiyanın rolu” mövzularında panel sessiyalar keçirilib.