Press "Enter" to skip to content

Kitab tanıtma: “Bayrağımız sarsılmaz”

Bayrağımız sarsılmaz

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlərdən biri də dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bayrağımız sarsılmaz” kitabıdır.

Kitabda qeyd edilir ki, Ü.Hacıbəyli həm də yazıçı, dramaturq, tənqidçi və jurnalist kimi də tanınıb. Onun keçən əsrin əvvəllərində “Azərbaycan” qəzetindəki fəaliyyəti hələ də tam şəkildə ictimaiyyətə məlum deyil. Böyük sənətkarın bu qəzetdəki fəaliyyətini əks etdirən əsərlərinin bir hissəsi ilk dəfə 1995-ci ildə “Fitnələr qarşısında” adı altında çap olunub. Sözügedən nəşrə isə Ü.Hacıbəylinin indiyə qədər çap olunmamış, günümüzlə səsləşən yeni felyetonları, publisistik yazıları və məktubları daxil edilib.

Kitabın girişində Ümummilli Lider Heydər Əliyevin bəstəkar haqqında fikirləri verilib: “Üzeyir Hacıbəyli fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur”. Həmçinin Azərbaycan və sovet musiqişünası, tədqiqatçısı Firidun Şuşinskinin sözləri qeyd olunub: “Üzeyir Hacıbəyov Azərbaycan xalqının, eyni zamanda Şərq xalqlarının ölməz sənətkarıdır”.

Kitabda “İstiqlal və istiqbal ümidi”, “Fitnələr qarşısında”, “Üzərimizdəki qara buludlar”, “Yersiz çıxış”, “Daxili işlərimizdən”, “Mühüm məsələ”, “Səmimiyyət lazım”, “Məmləkətimizin halı nasıldır?” və s. başlıqlarda yazılara yer verilib.

Nəşrin toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, şərhlərin, lüğətin və ön sözün müəllifi Aslan Kənan, məsləhətçisi Xalq yazıçısı, Prof. Elçin, redaktoru filologiya elmləri doktoru, mətnşünas alim Paşa Kərimov, rəyçiləri isə tarix elmləri doktoru, Prof. Ataxan Paşayev və filologiya elmləri doktoru Abid Tahirlidir.

Mission News Theme by Compete Themes.