Press "Enter" to skip to content

Bu dəfə Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs edilib

Tədbir zamanı

Son yeniləmə: 21 Dekabr 2023 09:04

“Çərşənbə söhbətləri”nin bu dəfəki məruzəçisi Anadolu Universitetinin Jurnalistika fakültəsində doktora təhsili alan Gülgün Abbasbəyli olub

BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlıları Dərnəyinin təşkil etdiyi ənənəvi “Çərşənbə Söhbətləri” davam edir. Bu çərçivədə bu həftəki mövzu İkinci Qarabağ müharibəsindən bəri gündəmdə və qlobal siyasətin diqqət mərkəzində olan Zəngəzur dəhlizi olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Eskişehir Azərbaycanlılar Dərnəyindən məlumat verilib.

Bildirilib ki, bu dəfə mövzu ilə bağlı Anadolu Universitetinin Jurnalistika fakültəsində doktora təhsili alan Gülgün Abbasbəyli iştirakçılara geniş məlumat verib.

Məlumatda deyilir ki, gələcəkdə müdafiə mövzusu olaraq seçdiyi “Zəngəzur dəhlizinə aid xəbərlərin beynəlxalq mediada təmsili: Yumuşaq güc” başlıqlı mövzusunda çıxış edən G.Abbasbəyli regionda söz sahibi olmağa çalışan dövlətlərin bu məsələyə olan mövqeləri barədə də danışıb: “Qeyd edilib ki, böyük dövlətlər mediadan beynəlxalq ictimai rəyə təsir etmək üçün bir vasitə kimi istifadə edir. Bu mənada bölgədə söz sahibi olmağa çalışan dövlətlər hədəf kütləni manipulyasiya etməyə davam edir”.

Məruzəçi bəzi xarici güc mərkəzlərinin Zəngəzur dəhlizinə xüsusu diqqət ayırmasının digər bir səbəbinə də toxunub: “Bu dəhlizin açılması ilə türk dövlətləri arasında iqtisadi əlaqələrin güclənəcəyi şübhəsizdir. Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının mövqeyi həm yaşadığımız əsrin, həm də gələcək əsrin gedişatını müəyyən etmək potensialına malik olacaq. Bir sözlə müharibələrin və iqtisadi böhranların təsirləri ilə dəyişən dünyada ticarət yollarının və dəhlizlərinin təhlükəsizliyi məsələsi kritik hala gəldiyi bir məqamda, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi gündəmi zəbt edən mühüm məsələdir”.

O da vurğulanıb ki, Eskişehir Azərbaycanlıları Dərnəyi media komandası həmişə bu məsələlərə həssaslıqla yanaşıb.

Məlumata görə, məruzədən sonra dinləyicilərin sualları cavablandırılıb.

Sonda isə Eskişehir Azərbaycanlıları Dərnəyinin sədr müavini Sirac Yaguboğlu Gülgün Abbasbəyliyə təşəkkürnamə təqdim edib.

Mission News Theme by Compete Themes.