Son yeniləmə: 21 Dekabr 2023 18:06
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib
BAYRAQDAR MEDİA – Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Forum Azərbaycan İqtisadiyyat Nazirliyi,Türkiyə Ticarət Nazirliyi, Türkiyə Cümhurbaşqanlığının Maliyyə ofisinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə keçirilib: “Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən energetika, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər”.
Məlumata əsasən, Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Cümhurbaşqanının Maliyyə İdarəsinin müdiri Göksel Aşan və Türkiyənin ticarət naziri Ömer Bolat forumda çıxış ediblər: “Vurğulanıb ki, dövlət başçılarımızın yorulmaz səyləri, şəxsi dostluq və qardaşlıq münasibətləri, ardıcıl təşəbbüsləri, qarşılıqlı rəsmi səfərləri və görüşləri sayəsində müttəfiqlik münasibətləri bu gün ən yüksək zirvəyə çatıb.Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri bütün istiqamətlər üzrə inkişaf etməkdə və güclənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığınınmöhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi də çoxvektorlu əməkdaşlıq potensialımızın, strateji məsələlərdə fəaliyyətimizin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”.
Çıxışlarda qeyd edilib ki, beynəlxalq və regional müstəvidə iki qardaş ölkənin maraqlarını təmin edən əməkdaşlıq həyata keçirilir: “Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar çərçivəsində fəaliyyətlər önəmlidir. Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib.Bu günədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, biznes forumlar, ixrac missiyaları, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqun genişlənməsini birgə layihələrin icrasını stimullaşdırıb”.
Qeyd edilib ki, enerji sahəsində səmərəli əməkdaşlıq, uğurla reallaşdırılan birgə təşəbbüslər beynəlxalq arenada ölkələrimizin mövqeyini daha da gücləndirməklə yanaşı, regional təhlükəsizlikdə və enerji təchizatında mühüm rol oynayır: “Forumda nəqliyyat sektorunda həyata keçirilən birgə strateji layihələr, xüsusilə Orta Dəhliz və onun şaxələndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildiirlib ki, Azərbaycan-Türkiyə qardaşlığı iqtisadi tərəfdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanın 2-ci əsas ticarət tərəfdaşıdır. 2023-cü ilin 11 ayında ticarət dövriyyəmiz təxminən 7,2 milyard ABŞ dolları təşkil edib: “Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33% artıb. Ticarət əməkdaşlığında müşahidə olunan müsbət dinamika dövlət başçıları tərəfindən qarşıya qoyulan hədəfə sürətlə çatacağımıza inam yaradır. Azərbaycanın xarici ölkələrdə ən çox investisiyanı Türkiyəyə yatırıb. əmçinin,ölkəmizdə qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb.Qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində imkanların artırılması iqtisadi tərəfdaşlığı təşviq edir”.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev tərəfindən ölkəmizin biznes və investisiya mühiti barədə təqdimat keçirilib”.
Məlumata əsasən, Forum çərçivəsində Azərbaycan və Türkiyə qurumları arasında sənədlərin imzalanması mərasimi olub: “AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.DO-DEM MMC ilə “Multipak Ambalaj”şirkəti arasında imzalanmış müqaviləyə əsasənAzərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasındaimzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda hotel tikiləcək”.
Qeyd edək ki, “Bir millət iki dövlət” prinsipindən irəli gələn daha bir addım kimi dəyərləndirilən Forum Azərbaycanda investisiya qoyuluşu imkanları, ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu, kənd təsərrüfatı və qida sənayesi, həmçinin “yaşıl” enerji, müdafiə sənayesi və sağlamlıq turizmi üzrə panel sessiyalarla öz işini davam etdirib.