BAYRAQDAR MEDİA – Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
Hazırlıqlar başlayıb, namizədlər irəli sürülür, boykot edənlər də var.
Bəzi siyasi partiyalar mühitin, vaxtın əlverişli olmadığını bildirirlər.
Əlbəttə, növbədənkənar olması hazırlığı olmayanlar üçün müəyyən problemlər yaradacaq və bu anlaşılandır.
Həm də alternativlər üçün ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmiş Prezidentlə siyasi yarışa çıxmaq kimi bir problem də var.
Amma siyasi partiyaların xeyrinə olan bir-iki məqam da yox deyil.
Xatırlayıram ki, cəmi 5-6 ay öncə bütün siyasi partiyaların Ədliyyə Nazirliyində “yenidən qeydiyyatı” gündəmə gəlmişdi. Ədliyyə Nazirliyi də partiyaların göndərdikləri üzvlərin reyestrini bir neçə dəfə geri qaytarmışdı.
Əksər müxalif partiyaların reyestri ciddi yoxlanışdan keçmişdi.
Hətta sosial mediadan görsənirdi ki, Ədliyyə Nazirliyinin müvafiq qurumları partiya üzvlərinə zənglər edərək onların həqiqətən də partiya üzvü olmasını yoxlayırdılar.
Müxtəlif səbəblərdən partiya üzvlüyünü inkar edənlər də nəzərə çarpırdı.
Beləliklə qeyd etmək istədiyim odur ki, həmin “yenidən qeydiyyat” prosesi əksər müxaliflər üçün bir imtahan oldu.
Bunun nəticəsində onların ən prinsipial, ən fədakar, ən sadiq üzvləri partiya üzvlüyündə qaldılar.
Yəni hazırda bu partiyaların rəhbərləri tam arxayındırlar ki, onların qısa müddət öncə ciddi təftişçilikdən keçən, mövqeyini qəti olaraq müəyyən edən, partiyaya sadiq olan ən azı 5 min üzvü var.
Düşünürəm ki, hökumətin bilərəkdən, yaxud bilməyərəkdən həyata keçirdiyi bu “yenidən qeydiyyat” prosesi prezident seçkisi öncəsi partiyalar üçün faydalı, mühüm əhəmiyyət kəsb edən faktor hesab oluna bilər.
Gərək bəzi partiyalar “əlverişli mühit yoxdur” deyəndə hökumətin yaratdığı və partiyaların xeyrinə olan bu incə məqamı da vurğulasınlar.
İkinci diqqət yetiriləsi məqam isə bu seçkinin ölkədə sosial medianın ən yüksək inkişaf mərhələsində keçirilməsidir.
Azərbaycan sosial mediası tam ictimai bir platforma olaraq oturuşub. Hətta əlavə yeni platformalar yaranıb ki, onun vasitəsilə də seçicilərə təsir etmək imkanı var.
Yəni əvvəlki dövrlərə nisbətən siyasi partiyaların, prezidentliyə namizədlərin sosial mediadan, texnologiyalardan istifadə edib daha ucuz, daha effektiv və konkret hədəfə yönəlik seçki fəaliyyəti qurmaq imkanı var.