BAYRAQDAR MEDİA – Dekabrın 20-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Media Savadlılığı” həftəsi çərçivəsində 500 gəncin iştirakı ilə “Media Savadlılığı” konfransı keçirilib.
Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd olunur ki, “konfransın açılış mərasimində çıxış edən MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə ediən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması, media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir”.
Sonra xəbərdə bildirilir ki, “konfransda çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev dünya əhalisinin böyük bir hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdud olması səbəbindən belə əhali qruplarının, xüsusi ilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb. Sonra MEDİA-nın Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova “Media Savadlılığı” platformasının təqdimatını edib”.
Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsi Rəhbərliyinin müavini Feyza Gizligider “İzlədiklərinizin İzi Qalar” mövzusunda çıxış edib.
Konfrans çərçivəsində “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiyası keçirilib.
Qeyd edək ki, media savadlılığının artırılması istiqamətində tədbirlərin məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir. Konfransın sonunda “Media Savadlılığı” mövzusunda keçirilən onlayn sorğuda qalib olanlar mükafatlandırılıb.