Press "Enter" to skip to content

Mədəni İrs Forumu yekunlaşıb

Forumdan görüntü

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Gülüstan” Sarayında keçirilən Mədəni İrs Forumu yekunlaşıb.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “dekabrın 19-da forumun “Mədəni irs və müasir memarlıq: şəhərsalma prinsipləri” mövzusunda sonuncu panel sessiyası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə gerçəkləşən paneldə “Müasir Azərbaycan memarlığının inkişafı, milli elementlər və dizayn”, “Dayanıqlı şəhərsalma prinsipləri”, “İşğaldan azad olunmuş ərazilərdə memarlıq və şəhərsalma. Ağıllı şəhərlər”, “Böyük Qayıdış” proqramının reallaşdırılması: çağırışlar və hədəflər”, “Müasir şəhərlər və urbanizasiya məsələləri” və “Şəhərsalma və abidələrin qorunması” mövzularında çıxışlar dinlənilib”.

Sonra xəbərdə, “çıxışlardan əvvəl iştirakçılar panelin mövzusu ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış videoçarxı izləyiblər. ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat veriblər” deyə qeyd olunur.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı Şuşa şəhəri üçün hazırlanmış baş planın mövcud olan bütün abidələri əhatə etdiyini vurğulayıb. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev hazırda bütün dünyanı əhatə edən urbanizasiya prosesi barədə söz açıb. O bildirib ki, Azərbaycanda 79 şəhər mövcuddur: “Hesablamalara görə, 30 şəhərin əhalisi 15 mindən, o cümlədən 4 şəhərin əhalisi 5 mindən aşağıdır. Hazırda əhalinin 56,4 faizi şəhər yerlərində yaşayır. Bu da təxminən 5,5 milyona yaxın əhali deməkdir”.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. Bununla da Azərbaycanda ilk dəfə keçirilən Mədəni İrs Forumu yekunlaşıb.

Mission News Theme by Compete Themes.