BAYRAQDAR MEDİA – Dekabrın 22-si saat 19:00-da ARTIM Layihə Məkanında Maksim Tatarintsevin “MONO” sərgi-layihəsi çərçivəsində plastik, sözsüz “ENT … EXIT” adlı performansı təqdim olunacaq.
Bu haqda sözügedən Məkanın yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd edilir ki, “bu interaktiv performans, seyrçiləri “seyrçilər” kimi və “iştirakçılar” kimi tamaşaya qatılmağa dəvət edir. Cəmiyyətin bir hissəsi kimi tamaşaçılar, bu performans vasitəsi ilə unikal sosial təcrübə qazanacaqlar. Proses, insanların bir-biriləri ilə ünsiyyətinin bütün mərhələlərini – məcburi “qonaqdan”, tədricən “qonşuya” çevrilməsini araşdırır. Performans komik, təsirli, absurd, faciəvi vəziyyətləri vurğulayır və əhval-ruhiyyənin kəskin dəyişməsinə səbəb olan müxtəlif halların toqquşması oyunundan, habelə paradoksal hərəkətlərin nümayişindən ibarətdir”.
Performansda Teatr O2 kollektivinin aktyorları (İrina Yakubenko, İskra Tarrant, Pelageya Soldatova, Artyom Portnov, Tatyana Selivyorstova, İvan Teleqin, Tahir Salixov) iştirak edir.
Qeyd edək ki, göstərinin rejissoru Konstantin Soldatov, prodüseri Leonid Klyots, multimedia operatoru Platon Soldatovdur.