BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi ilə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında vətəndaş müraciətlərinə baxılması və təhsil hüququnun daha səmərəli təmini sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr edilmiş görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə ETN-nin Aparat rəhbəri Mətin Kərimli, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər. Görüş zamanı təhsil hüququnun təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, hüquqi maarifləndirmə istiqamətləri və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb”.
Görüşdə ETN-yə il ərzində daxil olan müraciətlərin icra vəziyyətinə dair təqdimat nümayiş olunub.
Sonda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədi ilə iki qurum arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli məqsədi ilə birgə işçi qruplarının yaradılması, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.