Son yeniləmə: 19 Dekabr 2023 08:31
BAYRAQDAR MEDİA – 18 dekabr müasir İraqın tairxinə xüsusi yazıldı. Həmin gün İraqda 10 ildən sonra insanlar yerli seçkilər üçün sandıq başına gedib.
Məlumatlara əsasən, paytaxt Bağdad, güney şəhərləri, doğuda Diyala, quzeydə isə Səlahəddin, Kərkük və Mosulda yerli seçkilər üçün seçki qutuları qurulub. Dekabrın 18-də səhər saatlarında başlayan səsvermə prosesi saat 18:00-da başa çatıb.
Türkmeneli TV xəbər verir ki, təxminən 16 milyon insanın səsvermə hüququna malik olduğu seçkilərdə müxtəlif partiya və alyanslardan ümumilikdə 5 min 904 namizəd 275 yer uğrunda mübarizə aparıb. 275 yerdən 70-i qadın kvotasına ayrılıb.
İraqda ən böyük şiə elektoratına malik dini və siyasi lider Müqtəda əs-Sədr seçkiləri boykot edir.
Bu seçkilərdə dünyanın əsas diqqəti isə Kərkükə yönəlib. Çünki Kərkükün əzəli sahibi olan türkmənlər son 20 ildə ilk dəfə ən yüksək seçici fəallığı nümayiş etdiriblər. Məlumata görə, İraq Türkmən Cəbhəsinin Seçki Şöbəsinin rəhbəri Cevdet Zülal açıqlamasında bu seçkinin Kərkük və türkmənlər üçün çox əhəmiyyətli olduğunu bildirib: “Türkmənlərin son 20 ildə ən yüksək seçki iştirakına sahib olduğunu deyən C.Zülal səsvermə prosesi başlayandan sona qədər heç bir təhlükəsizlik pozuntusunun yaşanmadığına diqqət çəkib. O, bunun seçicilərin seçkiyə getməsinə müsbət təsir etdiyini bildirib”.
Xatırladaq ki, Kərkükdə sonuncu yerli seçkilər 2005-ci ildə keçirilib.