Son yeniləmə: 19 Dekabr 2023 09:23
Yaxud bütün türk dünyası Kərkük türkmənlərinin yanında olmalıdır
BAYRAQDAR MEDİA – Yəqin ki, dəyərli oxucular köşəmizin başlığını bir qədər təəccüblə qarşılayacaqlar. O mənada ki, ilk ağla gələn sual “Kərkükün Kritə nə dəxli” olacaq. Ancaq başlıqla bağlı dəyərli oxucuları çox da intizarda saxlamaq firkində deyilik.
Öncə onu vurğulayaq ki, Krit qədim Egey sivilizasiyasının mərkəzlərindən biridir. Tarixi bilgilərdən məlum olduğu kimi, bu ada e.ə. 67-ci ildə Roma tərəfindən işğal edilib. Krit 395-823, 961-1204-cü illərdə Bizansa, 823-961-ci illərdə isə ərəblərə tabe olub. 1204-cü ildə Kriti tutan səlibçilər onu Venesiyaya satıblar. Ada 1645-ci ildən Osmanlı imperiyasının nəzarətində olub. Lakin 1898-ci ildə Krit böyük dövlətlərin himayəsi altında suverenlik əldə edib. Daha dəqiq desək Osmanlının zəif düşməsi, həmin dövrdə yetərli müqavimət göstərilə bilinməməsi ucbatından Batı dövlətləri Kriti “suverenlik” adı altında Osmanlıdan qoparıblar. Onların hansı niyyət güddükləri isə 1913-cü ildə tam aydın olub. Çünki həmin ildən etibarən bu ada Yunanıstana məxsusdur.
Beləliklə, bir az soyuqqanlılıq, bir az Batı ölkələrinin təzyiqləri qarşısında müdafiəsiz qalmaq fonunda cərəyan edən proseslər Osmanlını Kritsiz qoyub. Özü də təkcə Osmanlını deyil, bütövlükdə türk dünyasını. Çünki bir çox məqamlara görə mühüm önəm kəsb edən ada o zaman Osmanlıda qalsaydı, sonradan da təbii ki, Türkiyə Cümhuriyyətinin tərkibində olacaqdı və bu gün Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin vətəndaşları Kritə bir Yunanıstan adası kimi deyil, türk adası kimi səyahət edə biləcəkdilər.
Məsələnin köşəmizin adına dəxlinə gəlincə, xatırladaq ki, bir zamanlar Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC), necə deyərlər, Allahın ümidinə buraxıldığı illərdə qurucu Cümhurbaşqanı, rəhmətlik Rauf Denktaş “Kıbrıs Girit olmasın” adlı bir kitab yazmışdı. Həmin kitab Rauf Denktaşın “aman ha, Kıbrısı da Krit kimi qurban etməyin” hayqırtısı idi. Şükürlər olsun ki, bu hayqırtıya səs verildi və KKTC Kritin acı taleyini yaşamadı.
İndi isə biz bundan yola çıxaraq “Kərkük Krit olmasın” deyə hayqırırıq. Çünki qədim türk yurdu Kərkük də bu gün, necə deyərlər, Allahın ümidinə buraxılıb. Bəli, həm Kərkük, həm də Kərkükün əzəli və əbədi (? – N.A.) sakinləri olan türkmənlər bu gün Allahın ümidinə qalıblar. Əbədi sözünün qarşısına sual işarəsini də təsadüfən qoymadıq. Məsələ burasındadır ki, bizlərin, yəni ümumilikdə türk dünyasının etinasızlığı davam edərsə, türkmənlər Kərkükün əbədi sakinləri olmaq hüququnu itirə bilərlər.
Bu təhlükənin əsası illər öncə qoyulub. İraqı işğal edən ABŞ türkmən yurdlarını da peşmərgələrə peşkəş etmək siyasəti yürüdüb. Bu siyasət indiki İraq hökuməti tərəfindən bir qədər “dizayn olunaraq” davam etdirilir. “Dizayn” o mənada ki, əgər ABŞ “Kərkükə kürd vali” arzusundadırsa, İraq hökuməti də “Kərkükə ərəb vali” peşindədir. Yəni nə amerikalıların, nə də ərəblərin gündəmində Kərkükün əsl sahiblərinin (türklərin, türkmənlərin – N.A.) idarəçilik haqqını tanımaq kimi bir bənd yoxdur.
Elə uzun illər Kərkükdə yerli seçkilərin keçirilməməsinin kökündə də bu məqam yatırdı. Kərkükü yavaş-yavaş kürdləşdirən, ərəbləşdirən güclər bu günə hazırlaşırdılar. Amma bütün hazırlıqlara rəğmən türkmənlər 18 dekabrda keçirilən seçkilərdə öz kimliklərini, öz cəsarətlərini və qətiyyətlərini ortaya qoydular. “Kərkük türkdür, türk qalacaq!” qətiyyəti ilə səsvermə məntəqələrinə getdilər. Düzdür, burada da onları əvvəlcədən hazırlanmış sürprizlər gözləyirdi. Bəzi məlumatlara görə, seçicilərin bir qismi adlarının siyahılarda olmaması bəhanəsi ilə səs verə bilməyiblər.
Lakin Kərkük qətiyyətini, türk yurdu olaraq qalmaq çabasını bir daha nümayiş etdirdi. İndi növbə bizimdir – türk dövlətlərinin və xalqlarının, o cümlədən Türk Dövlətləri Təşkilatının. Bizlər Kərkükə, türkmənlərə sahib çıxmalıyıq. Heç olmasa bundan sonra onların haqlı davasını dəstəkləməliyik. Vali seçimində Kərkükün əzəli və əbədi sakinlərinin, türkmənlərin mövqeyi nəzərə alınmalıdır. Əslində biz türk dünyası olaraq hələ seçkidən öncə onlara sahib çıxmalı idik. Seçki günü TDT-nin müşahidəçiləri Kərkükdəki hər seçki məntəqəsində olmalıydı. Təəssüf ki, bu olmadı.
Amma atalarımız deyib ki, ziyanın yarısından qayıtmaq da xeyirdir. Odur ki, heç olmasa ziyanın yarısından qayıdaq. Qayıdaq ki, Kərkük Krit olmasın!