Son yeniləmə: 19 Dekabr 2023 16:28
Ülkər Əbülfət: Şükürlər olsun ki, artıq “Qarabağa qayıdış ümidi ilə” adlı yox, “Qarabağa qayıdış” adlı rəsm sərgisinin üzərində işləyirəm
BAYRAQDAR MEDİA – Rəssam müsahibəsində onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı şanlı Azərbaycan ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətləri Cəbrayılda rəsm tablosuna köçürüb: “Bir məsələni də diqqətinizə çatdırım ki, illər öncə “Qarabağa qayıdış ümidi ilə” adlı böyük bir sərgim, tədbirim oldu. İndi də sevincliyəm. Çox şükürlər olsun ki, artıq “Qarabağa qayıdış ümidi ilə” adlı yox, “Qarabağa qayıdış” adlı rəsm sərgisinin üzərində işləyirəm”.
Yeri gəlmışkən, Ü.Əbülfət həm də 2021-ci il oktyabrın 22-də Hərbi Qənimətlər Parkında keçirilən və Vətən müharibəsinin ildöünmünə həsr edilmiş “Zəfərdən-Zəfərə” adlı rəsm sərgisinin təşkilatçısı olub. Bir sözlə, qeyd etdiyimiz kimi harada vətənpərvərliklə bağlı bir rəsm sərgisi keçirilirsə Ü.Əbülfəti orada ön sırada görmək olar.
Xocalı faciəsi haqqında həqiqətləri biz də çəkdiyimiz rəsmlərlə dünyaya çatdırırıq
Söhbətinə davam edən rəssam onu da vurğuladı ki, Qarabağ işğaldan azad edilsə də, Xocalı faciəsini unutmaq qeyri-mümkündür: “Bundan sonra da rəsm əsərlərimdə Xocalı faciəsinə müraciət edəcəm. Çalışıram ki, çəkdiyim əsərlərdə faşist erməni xislətini dolğun şəkildə əks etdirim”.
Xocalıdan söz düşmüşkən, bildirək ki, Ülkər xanım, Biləsuvar, Quba və Gəncədə, habelə qonşu Gürcüstan və qardaş Türkiyədə keçirilən “Xocalı – tarixin qan yaddaşı” sərgisinin təşkilatçısı olub. Bununla bağlı suala cavabında o, “2020-ci ildə “Xocalı soyqrımı” ilə bağlı silsilə tədbirlərimiz ölkə daxilindən, Biləsuvar rayonundan başlayıb. Quba, Goranboy, Gəncə, Bakı şəhərində keçirildikən sonra, qonşu Gürcüstanın Tbilisi şəhərində davam edib. Eyni zamanda, bu sərgini qardaş Türkiyənin İstanbul şəhərində və Ankarada, Türkiyə Böyük Millət Məclisində davam etdirdik” dedi.
Məlumat üçün onu da bildirək ki, 2022-ci ilin fevralın 20-də Tbilisidə Azərbaycan rəssamlarının Xocalı soyqırımına həsr etdikləri əsərlərindən ibarət “Xocalıya ədalət!” adlı sərgi keçirilib. Həmin sərginin əsas təşkilatçılarından biri də məhz Ülkər xanım olub: “Sərginin açılışında Azərbaycandan, Gürcüstandan və Türkiyədən rəsmi şəxslər və eyni zamanda Xocalı faciəsində yaxınlarını itirmiş şəxslərin ailə üzvləri iştirak edirdilər. Burada 60-a yaxın yağlı boya, qrafika, rəngkarlıq və digər janrlarda çəkilmiş əsərlər nümayiş etdirildi. Sərgi 3 gün davam etdi”.
Ü.Əbülfət, həmçinin “Bəlli olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan fəaliyyət nəticəsində bir sıra mühüm qərar və qətnamələr qəbul edilib, bəzi ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Bizim də məqsədimiz Leyla xanımın rəhbərliyi ilə başladılan “Xocalıya ədalət!” kampaniyasına dəstək olmaqdır. Xocalı faciəsi haqqında həqiqətləri biz də çəkdiyimiz rəsmlərlə dünyaya çatdırırıq” dedi.
Əsərdəki T-72 tankını çəkmək üçün xeyli araşdırma apardım
Bu arada bir məsələni də dəyərli oxucuların diqqətinə çatdırmağı vacib sayırıq. Şəhid və qazilərlə bağlı çoxsaylı rəsm əsərlərinin müəllifi olan Ü.Əbülfətin məşhur və möhtəşəm əsərlərindən biri də yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun portretidir.
Müsahibimiz dedi ki, bu, 175 santımetr uzunluğu və 280 santımetr eni olan tablodur: “Əsərin ideya müəllifi özüməm. Onun üzərində çox çalışdım. Əsərdəki T-72 tankını çəkmək üçün xeyli araşdırma apardım.Tankı canlı gördüm. Onun içinə girdim. Mən o tankı görməsə, hiss etməsə idim, onu çəkə bilməzdim. Uşaqlıq illərindən milli qəhrəmanımızın rəsmlərinə baxırdım. Onun işlətdiyi aşağıdakı ifadə diqqətimi çəkmişdi: “Mən miliyətcə azərbaycanlı olmasam da, bu torpaqda yaşayıram, bu torpağı qoruyacam. Müharibə bitməsə, getməyəcəm”. Ona görə də əsərimi “Mən bu torpaqda yaşayıram” adlandırdım. Bu əsərdə 23 yaşlı şəhidimizin obrazında çəkdiyi əzab-əziyyəti verməyə çalışmışam. Onun simasını videodan götürmüşəm. Üzərində çox eskiz etmişəm. Havanı və təbiəti şəhid olduğu aya uyğun göstərmişəm. Arxasında Şuşa qalasını, sol tərəfdə vurduğu iki tankın görüntüsünü vermişəm. Çünki o, bir atışla iki tankı vurmuşdu. Həmin əsər Dağ yəhudilərinin sinaqoqunda saxlanılır”.
Sözlərinə davam edən Ü.Əbülfət “Haqqında danışdığımız əsərə görə Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş mükafata layiq görülmüşəm. Beynəlxalq Muğam Mərkəzində Milli Qəhrəman Albert Aqarunovun 50 illik yubleyi ilə bağlı təşkil olunan “Qarabağa qayıdış ümidi ilə” adlı sərgidə o əsər də nümayiş olundu. Elə həmin sərginin layihə rəhbəri də mənəm. Həmin vaxt İsrail dövləti də öz tərəfindən yubiley tədbirlərində fəal iştirakıma görə məni mükafatla təltif etdi” dedi.
Ülkər Əbülfət TBMM-də 15 iyul şəhidləri ilə bağlı sərginin layihə rəhbəri olub
Qeyd edək ki, Ü.Əbülfət qardaş Türkiyənin 15 iyul şəhidlərinin portretlərini də çəkib.
Qardaş ölkədəki sərgilərilə bağlı təəssürtlarına gəlincə o, dedi ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 iyul şəhidləri ilə bağlı sərginin layihə rəhbəri olub: “Həmin sərgidə əsərlərimizdən cənab Recep Tayyip Erdoğana hədiyyə etməyə qərar verdim və özü orda olmadığı üçün həmin vaxt Türkiyə Böyük Millət Məclisi başçısı olan Mustafa Şentopa təqdim etdim”.
P.S. Qeyd edək ki, Ülkər Əbülfət Azərbaycanda həyata keçirilən tolerantlıq və multikultralizm siyasətinə də öz yaradıcılığı ilə dəstək olur. Onun çəkdiyi Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin portreti də bu istiqamətdə atılan addımlardan biridir.
Təsadüfi deyil ki, Azərbaycan Televiziyasının çəkdiyi “Vətənə bağlı” sənədli filmi də məhz həmin portretin Ü.Əbülfət tərəfindən M.Yevdayevə təqdim edilməsi səhnəsi ilə tamamlanır.