Son yeniləmə: 19 Dekabr 2023 16:28
Dr. Yücel Karauz: Partizan hərəkatının Rusiyanın daxilinə keçirilməsi ehtimalı zəifdir
BAYRAQDAR MEDİA – “Bu partizan hərəkatı Rusiyanın daxilinə keçə bilməz. Bu partizan hərəkatının Rusiyanın daxilində sabitliyə zərər vuracağına, bir təhlükə kimi yayılacağına inanmıram. Amma hazırda Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərində, xüsusilə də Donetskdə və Krımda belə partizan hərəkatları effektli ola bilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr.Yücel Karauz deyib.
Xatırladaq ki, son vaxtlar Batı mediasında Volodimir Zelenskinin rəhbərliyi ilə Ukraynanın Rusiyaya qarşı müharibədə uğur qazana bilmədiyi xüsusi vurğulanır. Eyni zamanda, ukraynalıların bundan sonra Rusiyaya qarşı partizan müharibəsinə üstülük verəcəkləri iddia edilir.
Həmin iddialara toxunan Dr. Y.Karauz qeyd edib ki, bəlkə də V.Zelenskinin fəaliyyət müddəti, görəvi artıq başa çatmışdır: “Çünki V.Zelenski Batının böyük həcmli dəstəyinə rəğmən uğur qazana bilmədi. Ümumiyyətlə, hazırda nə Rusiya, nə də Ukrayna müharibənin nəticəsini öz xeyrinə dəyişdirə biləcək bir addım ata bilmir. Bu arada artıq qış mövsümü başlayıb və müharibənin aparılması daha da çətinləşib. Ən azı aprel ayına qədər hər hansı irəliləyiş mümkün görünmür. Bura onu da əlavə edək ki, Batı artıq Ukraynaya hərbi texnika, silah-sursat və pul yardımı etməkdən bezib”.
Müsahibimiz bildirib ki, indiki halda Rusiyanın daha əlverişli durumda olduğu kimi görünür: “Çünki Rusiya müharibəni Ukrayna ərazisinə keçirəndən bəri uğur əldə etdi. Amma bununla belə, Rusiya müharibənin ilk günlərindən qarşıya qoyduğu Ukraynadakı hakimiyyəti dəyişmık hədəfinə çata bilmədi. Bütün bunlara rəğmən ən çətin durumda olan məhz V.Zelenskidir. Əgər 2024-cü ilin aprelində Ukrayna hər hansı uğiur əldə edə bilməzsə o zaman V.Zelenskinin hakimiyyətdən getmək ehtimalı daha güclü olacaq”.