BAYRAQDAR MEDİA – Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, Prof. Məmməd Əliyevin və direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızının birgə hazırladıqları “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinə dair normativ hüquqi sənədlər” adlı toplu işıq üzü görüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “əvvəllər bu istiqamətdə çapdan çıxmış vəsaitləri məzmunca tamamlamaq baxımından mühüm tarixi əhəmiyyət kəsb edən topluda kitabxana işinin hüquqi təminatı olan mühüm dövlət sənədləri, o cümlədən kitabxana və nəşriyyat işinə dair informasiya haqqında Azərbaycan qanunları, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları və digər rəsmi dövlət aktları əksini tapıb. Vəsaitin əsas məqsədi kitabxana işçilərinin hüquqi mədəniyyətinin, hüquqi şüur və savad səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdən ibarətdir. Kitabın ön sözünün müəllifi Bakı Dövlət Universitetinin Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, Dos. Knyaz Aslandır”.
Qeyd edək ki, toplu kitabxana işi sahəsində çalışan mütəxəssislər, rəhbər işçilər, metodistlər, bu sahədə elmi tədqiqat işləri aparanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.