Press "Enter" to skip to content

Azərbaycan haqqında geniş təqdimat

Səfir Məmməd Talıbov

Son yeniləmə: 19 Dekabr 2023 12:42

BAYRAQDAR MEDİA – Latın Amerikasının ən qədim, nüfuzlu və Perunun əsas ali təhsil müəssisələrindən biri olan və 1551-ci ildən fəaliyyət göstərən San Markos Böyük Milli Universitetində (Universidad Nacional Mayor de San Marcos) geniş tələbə auditoriyası üçün təşkil edilmiş videokonfrans keçirilib. Videokonfrans zamanı Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov Azərbaycan haqqında geniş təqdimat keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “konfransda administrativ elmlər fakültəsinin dekanı Dr. Auqusto Hidalqo Sançez, fakültəsinin dekan müavini Dr. Enrike Kornexo, eləcə də fakültənin dosentləri Sara Mançego və Marko Mayor iştirak ediblər.

Səfir M.Talıbov tədbir iştirakçılarını müsəlman Şərqinin ilk demokratik respublikası olan ölkəmizin tarixi, zəngin mədəniyyəti, müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklər və buna baxmayaraq, qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb”.

Səfir çıxışında Ümummilli Lider Heydər Əliyevin həyatı, Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan bəhs edib.

Məlumata görə, səfir Heydər Əliyevin fəaliyyəti dövründə regionda həyata keçirilmiş dünyamiqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən dəyişikliklərdən danışıb: “Səfir qeyd edib ki, bu il Azərbaycanda, ölkəmizin güclü və müstəqil tarixini yazan Ulu Öndərin 100 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq, 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Diplomat, həmçinin tədbir iştirakçılarına erməni təcavüzünün həqiqətlərini, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə, regionda yeni reallıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi, keçmiş məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri haqqında məlumat verib”.

Bundan əlavə, səfir Azərbaycan və Peru arasında ikitərəfli əlaqələrin inkişafından, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə də məlumat verilib.

Konfrans zamanı verilən məlumatlar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və onların müxtəlif mövzular üzrə verdikləri suallar cavablandırılıb.

Qeyd edək ki, videokonfrans səfirliyin və təhsil ocağının sosial şəbəkələrindəki kanallarında da canlı yayımlanıb.

Mission News Theme by Compete Themes.