Press "Enter" to skip to content

Ədəbi məclis bundan sonra onun adını daşıyacaq

Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin toplantısından sonra xatirə şəkli

Son yeniləmə: 18 Dekabr 2023 16:41

BAYRAQDAR MEDİA – Dekabrın 17-də Xaçmazdakı “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında qurumun adının dəyişdirilməsi təklif edilib. Məclisin təcrübəli və istedadlı üzvlərindən olan şair Mehrəli Qulu təklif edib ki, “Ulduzlar” bundan sonra onun qurucusu, istedadlı şair və jurnalist, mərhum Murad Qudyalçaylının adını da özündə ehtiva etsin. Təklif edilib ki, bundan sonra Məclisin adı Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi kimi təsbit edilsin.

Məclisin sədri, təcrübəli pedaqoq, şair və ictimai xadim Fərzalı Ziyanur bu təklifi bəyənib, eyni zamanda üzvlərin müzakirəsinə təqdim edib. Məclis üzvləri Murad Qudyalçaylının bir şair, həm də jurnalist kimi yaddaqalan fəaliyyətini nəzərə alaraq, Məclisin qurucusu olduğunu qeyd edərək verilən təklifi dəstəkləyiblər.

Beləliklə, Məclisin səsverməsi ilə məsələ yekdilliklə bəyənilib və bundan sonra qurumun adının Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisi kimi təsbit edilməsi qərarlaşdırılıb.

Qeyd edək ki, Murad Qudyalçaylı şair olmaqla bərabər bir zamanlar Xaçmazda dərc edilən “Dostluq” qəzetində jurnalist fəaliyyəti də göstərib. O, 1960-cı illərdə məhz bu Məclisin əsasını qoyub, uzun illər ona başçılıq edib. Məclisin hazırkı sədri Fərzalı Ziyanur isə 2004-cü ildən quruma uğurla başçılıq edir. Məclis nəinki Xaçmazda və Quzey bölgəsində, ümumiyyətlə Azərbaycanda yaxşı tanınan, qəbul edilən bir ədəbi qurumdur. Məhz belə bir şəraitdə Məclis üzvləri vəfa borcu olaraq Murad Qudyalçaylının adının yaşadılmasına qərar veriblər.

Mission News Theme by Compete Themes.