BAYRAQDAR MEDİA – Dekabrın 18-də “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəni irs forumu işə başlayıb.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Heydər Əliyev Fondu (HƏF) və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən və dekabrın 20-dək davam edəcək forum Azərbaycanda ilk dəfə keçirilir. Forum iştirakçıları Fəxri xiyabanda Azərbaycan mədəniyyətinin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarın önünə gül dəstələri düzüblər, Ulu öndərin xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib. Tədbirdə rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak edirlər. İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti, təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar. Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, hər bir xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusi ilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir. O, çıxışının sonunda forumun işinə uğurlar arzulayıb”.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə forumun əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, zəngin Azərbaycan mədəni irsi dünya xalqları sırasında Azərbaycanın özünəməxsusluğunun göstəricisidir.
Qeyd edilib ki, mədəni irsin tədqiqi və dünya miqyasında təbliği Azərbaycana rəhbərliyinin hər iki dövründə Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin ideyalarının davamçısı Prezident İlham Əliyev rəhbərliyi altında bu istiqamətdə davamlı iş aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu HƏF-nun dəstəyi ilə genişmiqyaslı layihələr reallaşdırılıb.
Sonra Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov da forumun əhəmiyyətini qeyd edib, aparılacaq müzakirələrdə uğurlar arzulayıb.
Çıxışlardan sonra forum işini panel müzakirələrlə davam etdirib.