BAYRAQDAR MEDİA – Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirilib.
Xəbəri BAYRAQDAR MEDİA-ya həmin Zirvənin iştirakçısı olmuş Aqil Ələsgər verib.
Bildirilir ki, mərasimdə 100-dən çox təmsilçi iştirak edib. İştirakçılar arasında qardaş Türkiyə və Avropa ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri olub.
“Türkiyənin Düsseldorf şəhərindəki baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zafer Sarıkaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunç, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəri Aziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputat Oğuzhan Yazıcı, “EkoAvrasiya” Dərnəyinin sədri Hikmet Eren, Niderland Türk Evi İcmasının sədri Veyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədri Güven Arıklı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyi İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Aqil Ələsgər və digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olunub”, – deyə xəbərdə bildirilir.
Tədbiri Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyi təşkil edib. Qurumun sədri Ali Paşa Akbaş açılış nitqində Zirvənin təşkilində əsas hədəfləri sıralamasıyla bəyan edib: “məqsəd Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir”.
Sonda Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə “Türk Dünyası Mediasına Xidmət” ödülü ilə mükafatlandırılıb.
Mükafat alanlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və “Report” İnformasiya Agentliyi də var.
Aqil Ələsgər də öz növbəsində Ali Paşa Akbaşa üzərində xarı bülbül təsviri olan hədiyyə ilə qarşılıq verərək göstərilən diqqət üçün təşəkkür edib: ““Xarı bülbül” türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə iki can olması ilə dünən xəyal edilənlər bu gün gerçəyə döndü”.