Son yeniləmə: 15 Dekabr 2023 13:59
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Kukla Teatrının bir qrup əməkdaşı qardaş Türkiyədə keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalında iştirak edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Şəhər Bələdiyyəsinin dəstəyi ilə bu il 20-ci dəfə keçirilən teatr bayramı TÜRKSOY təşkilatının 30 illiyi münasibəti ilə türkdilli ölkələri, türk toplumlarının təmsil olunduğu kuklaçıları bir araya gətirməklə onların sənət mübadiləsinə şərait yaradır. 11-16 dekabrı əhatə edən teatr görüşündə UNIMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) və ona üzv 10-a yaxın aparıcı ölkənin nüfuzlu kukla teatrı mütəxəssisləri də iştirak edirlər. Onlar kukla teatr sənəti istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparır, yeni birgə layihələr barədə təkliflər verirlər”.
Sonra xəbərdə qeyd edilir ki, “nüfuzlu teatr festivalında Azərbaycanı təmsil edən teatr heyəti dekabrın 14-də türkiyəli teatrsevərlərə “Məlikməmməd” tamaşasını göstəriblər. Barış Manço Kültür Mərkəzində baş tutan nümayiş böyük marağa səbəb olub. Tamaşaçı istəyini nəzərə alan kuklaçılar tamaşanı iki seans oynayıblar. Bildirək ki, Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət, dürüstlük və mübarizlik aşılayır. Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Böyük bəstəkar Fikrət Əmirovun əsərlərindən istifadə olunan musiqi tərtibatlı tamaşa ənənəvi kukla üslubunda olsa da quruluşçular ona uşaqlar üçün maraqlı olan elementləri daxil etməyə çalışıblar”.
Nümayişin ardınca UNIMA Milli Mərkəzinin rəhbəri, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə türkiyəli həmkarı – UNIMA-nın Türkiyə təmsilçisi Enis Ergünlə görüşüb. Onlar qarşılıqlı səfərlərin, ustad dərslərinin təşkili, eləcə də kukla sənəti üzrə mübadilə istiqamətində yeni əməkdaşlıqlar barədə danışıblar.
Tədbir çərçivəsində teatr heyətinin festivalın direktoru, Bursa Bələdiyyəsinin sədr müavini, Bursa Böyükşəhər bələdiyyəsi adına Bursa Kültür, Sənət və Turizm Vəqfinin rəhbəri Fehim Ferik, festivalın direktor müavini Gökhan Kılıç ilə də görüşü olub.
Azərbaycanlı kuklaçıların çıxışını yüksək qiymətləndirən festival direktoru yaradıcı heyətin peşəkarlığı və onlara olan böyük tamaşaçı heyranlığından danışıb, uğurlu nümayiş münasibətilə kuklaçıları təbrik edib.
Teatrın direktoru R.Əhmədzadə xoş münasibətə, qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ona Azərbaycanın milli kukla sənəti, tarixi, 92 yaşlı kukla teatrı və Azərbaycanda olan kukla teatrları barədə ətraflı məlumat verib.
Görüşdə perspektiv planlar, növbəti ildə Bursada keçiriləcək mədəniyyət tədbirlərinə dəvət məsələləri də müzakirə olunub.