Press "Enter" to skip to content

Bu fikirlər qəbuledilməzdir

Ayxan Hacızadə

Son yeniləmə: 15 Dekabr 2023 10:38

Ayxan Hacızadə: Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqisinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı

BAYRAQDAR MEDİA – “Niderland Krallığı hökumətinin sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Niderland Krallığı hökumətinin Ermənistana yardım ayrılması barədə verdiyi 13 dekabr tarixli açıqlamada “etnik erməni anklavına qarşı Azərbaycanın hücumu nəticəsində 100 min erməninin öz evlərindən güclə qovulduqları”nı bəyan etməsinə münasibət bildirərkən deyib.

XİN-dən verilən məlumata görə, A.Hacızadə “Niderland 30 il ərzində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün işğalçı və təcavüzkar Ermənistan tərəfindən pozulması, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütməsi, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi faktlarını heç zaman diqqətə almayıb. Azərbaycanın dəfələrlə ərazilərimizdə qanunsuz mövcudluğunu davam etdirən erməni silahlı qüvvələrinin bölgədə təhlükə mənbəyi olduğunu bildirməsinə və beynəlxalq hüquqa uyğun olaraq onların dərhal çıxarılmasına dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq, Niderland tərəfinin Azərbaycanın öz ərazilərində həyata keçirdiyi antiterror tədbirlərini tənqid etməsi qərəzli yanaşmanın bariz nümunəsidir” deyib.

A.Hacızadə bildirib ki, “Vətən müharibəsinin, habelə bu ilin sentyabrında həyata keçirilən 24 saatlıq antiterror tədbirlərinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın suveren ərazilərində reallaşdırıldığını, ölkəmizin legitim üsullarla öz suverenliyini bərpa etdiyini bir daha xatırladırıq.
Azərbaycan heç vaxt erməni sakinləri Qarabağdan çıxarmayıb və bölgəni tərk etməmək barədə ölkəmizin çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə miqrasiya etmək onların qərarı olub. Birləşmiş Millətlər Təşkilatının bölgəyə missiyaları Azərbaycan tərəfinin mülki əhalini hədəf almadığını təsdiqləyib və Niderland Krallığında yerləşən Beynəlxalq Ədalət Məhkəməsi də bu istiqamətdə Ermənistanın son iddialarını rədd edib.

Niderland tərəfinin bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafına və tərəqqisinə maneə törədən belə bəyanatlara son qoyması faydalı olardı”.

Mission News Theme by Compete Themes.