Son yeniləmə: 15 Dekabr 2023 11:56
Alim Bayel: Qazaxıstanla Azərbaycan siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə uğurlu əməkdaşlıq edir
BAYRAQDAR MEDİA – Qazaxıstanın Azərbaycandakı səfirliyində Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, xarici dövlətlərin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aparıcı analitik mərkəzlərin ekspertləri, media nümayəndələri, Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak ediblər”.
Məlumata görə, mərasimi giriş sözü ilə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıb.
Səfir öz çıxışında müstəqillik dövründə əldə olunan əsas nailiyyətlərdən söhbət açıb. Diplomat deyib ki, Qazaxıstanla Azərbaycan siyasi, iqtisadi, nəqliyyat-logistika, hərbi sahələrdə uğurlu əməkdaşlıq edir.
Məlumatda bildirilir ki, sonra Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edib: “Nazir müavini Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib və 2023-cü ildə ikitərəfli əməkdaşlığı ilə bağlı əsas nəticələri vurğulayıb. Çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu yaxınlarda Bakıda keçirilən Qazaxıstanın Mədəniyyət Günlərinin uğurunu qeyd edib”.
Məlumat üçün bildirək ki, iştirakçılar həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni təyin olunmuş prezidenti Aktotı Raimkulovanı vəzifəyə başlaması münasibətilə təbrik ediblər. Eyni zamanda. əvvəlki prezident Günay Əfəndiyevaya fəaliyyətinə görə təşəkkür bildirilib.
Tədbir çərçivəsində Qazaxıstana həsr olunan tematik fotosərgi təşkil olunub. Qonaqlara qazax milli mətbəxinin xörəkləri təklif olunub.