Press "Enter" to skip to content

Azərbaycanın dağıdılmış mədəni irsindən danışılıb

Tədbir zamanı

Son yeniləmə: 15 Dekabr 2023 08:42

“Viktoriya və Albert” muzeyində “Post-münaqişə dövründə təhlükədə olan mədəni irs” mövzusunda forum keçirilib

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın möhtəşəm memarlıq və mədəniyyət ocağı, dünyanın nüfuzlu muzeylərindən olan “Viktoriya və Albert” muzeyində “Post-münaqişə dövründə təhlükədə olan mədəni irs” mövzusunda forum keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə çıxış edən Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord dünyanın müxtəlif münaqişə zonalarında olduğunu, bu xüsusda Azərbaycanın dağıdılmış Ağdam rayonunu ziyarət etdiyini və 19-cu əsrə aid olan məscidin tövləyə çevrildyini qeyd edib”.

Tədbirin digər çıxışçısı “Revive Campaign” mina qurbanlarına yardım qeyri-hökumət təşkilatının təsisçisi və icraçı direktoru Naycel Elvey Azərbaycanın Qarabağ bölgəsində və ətraf rayonlarda milli və dünya əhəmiyyətli mədəni abidələrin dağıldığını bildirib. O, ərazilərin minalanması səbəbindən bu abidələrin bərpa edilməsində yaranmış çətinlikləri diqqətə çatdırıb.

Qeyd edək ki, Metyu Offord və Naycel Elvey beynəlxalq humanitar minatəmizləmə konfransı çərçivəsində Azərbaycana səfərləri zamanı Ağdam rayonunu ziyarət edib və Azərbaycanın mina problemi ilə bağlı təəssüratlarını Britaniya parlamentində bölüşüblər.

Mission News Theme by Compete Themes.