Son yeniləmə: 15 Dekabr 2023 14:45
Vüqar İskəndərov: Ermənistan hakimiyyəti Azərbaycanın uzatdığı sülh əlini tutmalı, ağıllı addım atmaqda özündə güc tapmalıdır
BAYRAQDAR MEDİA – “Azərbaycan hər zaman sülhsevər siyasət həyata keçirib. Ölkəmiz Güney Qafqaz regionunda daimi sabitliyin və inkişafın olması üçün ondan aslı olan bütün addımları atıb. Biz 44 günlük Vətən müharibəsindən sonra da bu siyasətə sadiq qalmışıq”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Ermənistanı sarsıdıcı məğlubiyyətə uğratmasına baxmayaraq Azərbaycan yenə də sülhsevər siyasətinə sadiq qaldı: “Elə dekabrın 14-də Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”nin təsdiqlənməsi barədə qərar imzalaması da Azərbaycanın sülhsevər sadiq qaldığının növbəti sübutudur”.
Deputat deyib ki, həmin sənədə əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası bu Qərardan irəli gələn məsələləri həll etməlidir: “Hesab və ümid edirəm ki, Ermənistan tərəfi də bu istiqamətdə addım atmaqda özündə güc tapacaq və sülh sazişinin imzalanması üçün daha bir addım atılacaq. Ona görə “ümid edirəm” deyirəm ki, bəzi xarici güclər Ermənistana təzyiq göstərərək, onu sülh sazişini imzalamamağa sövq edirlər. Halbuki bu sülh sazişi hamıdan daha çox Ermənistanın özünə lazımdır. Çünki sülh sazişi Ermənistanın iqtisadi baxımdan dirçəlməsinə də yol açacaq. Ona görə də Ermənistan hakimiyyəti Azərbaycanın uzatdığı sülh əlini tutmalı, ağıllı addım atmaqda özünə güc tapmalıdır”.