BAYRAQDAR MEDİA – Dekabrın 15-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb. Açılışda Prezident İlham Əliyevin qurultay nümayəndələrinə müraciəti səsləndirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edir. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1 min 600-dən çox nümayəndə qatılır. Müəllimlərin XVI qurultayı plenar iclasın keçirilməsi ilə öz işinə başlayıb”.
Qurultayın ilk günündə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış””, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzuları üzrə panel sessiyaları keçiriləcək.
Əlavə edək ki, qurultay dekabrın 16-da işini davam etdirəcək.