Press "Enter" to skip to content

Qazaxıstan Silahlı Qüvvələrinin təmsilçiləri Bakıdadır

Görüş zamanı

BAYRAQDAR MEDİA – Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda işgüzar səfərdə olan qardaş Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən (MN) daxil olub.

Xəbərdə bildirilir ki, “nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirələrinə ehtiram nümayiş etdirib. Görüşdə K.Vəliyev qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyi xüsusi vurğulanıb”.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən M.Aymaşev qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qazaxıstanlı nümayəndə heyəti daha sonra Əməliyyat Baş İdarəsinə gəlib. Baş idarə rəisi general-leytenant Azər Əliyevlə keçirilən görüşdə hərbi və hərbi təhsil sahələrində əməkdaşlığa, o cümlədən 2024-cü il ərzində birgə təlimlərin keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda MN-nin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrinə, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzinə gələn qonaqlara buranın əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumatlar verilib.

Mission News Theme by Compete Themes.