Son yeniləmə: 14 Dekabr 2023 08:54
Kərkük yerli seçkilərgüclü rəqabət kontekstində gedir
BAYRAQDAR MEDİA – Qədim və əzəli türk yurdu vacib bir siyasi proses ərəfəsindədir. Dekabrın 18-də İraqdakı yerli seçkilərb çərçivəsində Kərkükdə də seçkilər olacaq.
Xatırladaq ki, 16 milyon seçicinin səs verə biləcəyi İraqda yerli seçkilər sonuncu dəfə 10 il öncə keçirilib. Kərküdə isə bu baxımdan durum daha acınacaqlıdı. Çünki Kərkükdə yerli seçkilər sonuncu dəfə 2005-ci ildə keçirilib.
Beləliklə, 18 ildən sonra Kərkükdə keçiriləcək yerli seçkilər öncəsi etnik komponentlər arasında rəqabət güclənir.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, “İraqda bütün etnik komponentlərin yaşadığı Kərkük yerli seçkilərə günlər qalmış türkmən, ərəb və kürd partiyaları arasında şiddətli rəqabətin şahidi olur. 2013-cü ildən bəri yerli seçkilərin keçirilmədiyi İraqda 2018-ci ildə keçirilməsi nəzərdə tutulan son yerli seçkilər ölkədəki siyasi və təhlükəsizlik problemlərinə görə keçirilə bilməyib. 2019-cu ildəki etirazlardan sonra Əyalət Məclisləri buraxılıb. Kərkükdə isə sonuncu yerli seçkilər 2005-ci ildə keçirilib”.
Qeyd edilib ki, İraq Nazirlər Şurası Əyalət Məclislərinin təyin olunacağı yerli seçkilərin tarixini dekabrın 18-i elan edib: “Buna uyğun olaraq federativ inzibati quruluşa malik İraqda hər əyalətin öz idarəsi olacaq. Bu seçkilərə İraq Kürd Regional Rəhbərliyinə (KRG) daxil olan şəhərlər daxil olmayacaq. Ölkədəki təhlükəsizlik qüvvələri və daxili mühacirlər dekabrın 16-da səs verəcəklər. İraq Ali Seçki Komissiyasının məlumatına görə, yerli seçkilərdə təxminən 16 milyon seçici sandıq başına gedəcək”.
Məlumatda vurğulanır ki, Kərkükdə siyasi partiyalar Kərkük Qubernatorluğu və 16 yerdən ibarət Əyalət Məclisi uğrunda yarışacaq.