Press "Enter" to skip to content

Prezidentin köməkçisi Fondun prezidenti ilə görüşüb

Aktotı Raimkulova və Hikmət Hacıyev

BAYRAQDAR MEDİA – Dekabrın 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə H.Hacıyev A.Raimkulovanı Türk Dövlətlərinin Başçıları tərəfindən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunması münasibəti ilə təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli inteqrasiya proseslərinin gücləndirilməsinin önəmindən bəhs edərək, türk dövlətlərinin mədəni əlaqələrinin inkişafında təşkilatın rolunu vurğulayıb. Görüş zamanı A.Raimkulova Qarabağın işğaldan azad olunmasını Azərbaycan və bütövlükdə Türk Dünyası üçün tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri cari ildə Türk Dünyasında təntənəli qeyd olunan əlamətdar yubileylər sırasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib”.

A.Raimkulova sözügedən Fondun yaradılmasında və qurulduğu ilk illərdən etibarən təşkilatın fəaliyyətinə dəstəyin verilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə, eləcə də ölkənin təklifləri əsasında təşkilatın bundan sonrakı fəaliyyətlərində yeni strateji istiqamətlərin həyata keçirilməsinə hazır olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri ilə davam edib.

Mission News Theme by Compete Themes.