Press "Enter" to skip to content

Qırğız ekspert: Batı ermənilərin hissləri ilə oynamağa çalışır

Ermənistan indi də NATO-nun forpostuna çevrilir

Qırğızıstandan olan siyasi ekspert öz məqaləsində Ermənistan üzərindən oynanılan oyunlardan bəhs edib

BAYRAQDAR MEDİA – Son vaxtlar Ermənsitanda cərəyan edən hadisələr, xüsusilə də Nikol Paşinyan hökumətinin anti-Rusiya əhval-ruhiyyəsində köklənməsi diqqətdən yayınmayıb. Öz növbəsində Qırğızıstanın Veçerniy Bişkek saytında siyasi ekspert Mederbek Korqanbayevin “Batı Ermənistanı Güney Qafqazda NATO forpostuna çevirməyə çalışır” başlıqlı məqaləsində də bu məsələ geniş şəkildə analiz edilib. Azərbaycan oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq məqaləni qısa ixtisarlarla Azərbaycan dilinə çevirərək təqdim edirik.

Beləliklə, müəllif yazır ki, Baş nazir Nikol Paşinyanın düşünülməmiş xarici siyasəti nəticəsində Ermənistanın 2020-ci ilin Qarabağ müharibəsində məğlub olması rəsmi İrəvanın KTMT-dən və bütövlükdə Rusiyadan uzaqlaşmasına səbəb oldu: “Ermənistan Moskvaya qarşı nəzərəçarpacaq dərəcədə soyudu və yeni hərbi-siyasi tərəfdaşlar axtarmağa başladı. Batı, yəni Fransa və ABŞ yaranmış vəziyyətdən dərhal istifadə etdi”.

Müəllif qeyd edir ki, Paris və Vaşinqton ermənilərə hərbi-texniki və siyasi əməkdaşlıq təklif edərək sürətlə İrəvanı öz təsir dairələrinə salmağa başladılar: “Məncə, Batı ermənilərin hissləri ilə oynamağa çalışır və 2004-2008-ci illərdə Gürcüstan dövlətinin islahatlarını bir növ Ermənistanda təkrarlamaq niyyətindədir. Ola bilsin ki, Vaşinqton və onun Qərb müttəfiqləri Ermənistana dövlət aparatını, məhkəmə sistemini, hüquq-mühafizə orqanlarını təmizləmək, NATO standartlarına uyğun müasir silahlı qüvvələr və milli təhlükəsizlik strukturları qurmaq üçün maliyyə və geosiyasi yardım göstərməyi planlaşdırırlar. Beləliklə, çox güman ki, Ermənistanın hakimiyyət qolları tamamilə Qərb üslubunda yenidən formalaşdırılacaq”.

Bildirilir ki, indi Batı ermənilərin Qarabağda uduzmaq ambisiyaları və inciklikləri ilə məharətlə oynayır: “Ermənistan ordusunda islahatlar uğurla həyata keçirilərsə, Batı xarici siyasət və iqtisadi təsir alətlərinin köməyi ilə ermənilərə Bakıya qarşı dəstək vəd edərək, İrəvanı Azərbaycanla yeni müharibəyə sövq edə bilər. Təbii ki, bu gün Ermənistan silahlı qüvvələri məğlub və ruhdan düşmüş vəziyyətdədir və 1990-cı illərdə Gürcüstan qoşunlarının düşdüyü çətin vəziyyəti müəyyən dərəcədə xatırladır”.

Gürcüstanda 2003-cü ildən sonra baş verənlər, həmçinin 2008-ci ildə Rusiya-Gürcüstan toqquşmaısna da toxunan Mederbek Korqanbayev daha sonra yazır: “Gürcüstan tanınmamış respublikalar üzərində nəzarəti bərpa edə bilmədi, lakin bu, keçmiş SSRİ ərazisində NATO ordusu ilə Rusiya qoşunları arasında toqquşmanın ilk təcrübəsi idi. Təbii ki, Batının subsidiyaları hesabına ordusunu 5-7 il gücləndirəndən sonra belə, Ermənistan Azərbaycanın hərbi potensialına çatmayacaq. Lakin səxavətli Batı silahlarının tədarükü və islahatlar üçün vəsait axını İrəvanın hakim dairələrini Bakı ilə yeni münaqişəyə başlamaq cəhdinə şirnikləndirə bilər. Həmçinin erməni lobbisinin Batı ölkələrindəki təsirini də unutmayaq. Bu da əməkdaşlıq bəhanəsi ilə Ermənistan üçün maliyyə və silah ayrılmasına hər cür töhfə verəcək”.

Məqalə sonda “Ola bilsin ki, yaxın 5 il ərzində Rusiya hərbi bazaları Ermənistan ərazisindən çıxarılsın və onların yeri Qərbin hərbi təlim mərkəzləri tərəfindən tutulsun” fikirləri ilə tamamlanır.

Mission News Theme by Compete Themes.